• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib


Respublikamızın bütün bölgələrində olduğu kimi Qazaxda da 9 Noyabr – Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd edilir. Növbəti bayram tədbiri bu gün Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Bayrağımız qürur mənbəyimizdir" adı altında keçirilib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və sinif rəhbəri olduğu II sinif şagirdləri, onların valideynləri və muzeyin əməkdaşları iştirak ediblər.

Məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Muzeyin direktoru Gülnaz Alişanova tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Hər bir millətin bayrağının onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, ideologiyasının ifadəsi olduğunu bildirib. Bayrağa hörmət və ehtiram hissinin Azərbaycan xalqında həmişə qabarıq şəkildə özünü büruzə verdiyini qeyd edib. Üçrəngli Azərbaycan bayrağının çox keşməkeşlərdən, qadağalardan keçib bu günümüzə çatmasını, onun yenidən üzə çıxması, dövlət rəmzinə çevrilməsi üçün xalqımızın minlərlə qurban verməsini məktəblilərin və tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, məktəbin müəllimi Rüxsarə Əhmədova da çıxış edərək tədbir iştirakçılarına səmimi təbriklərini və xoş arzularını bildiriblər. Çıxış edənlər müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini vurğulayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini qeyd ediblər. 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamını, həmin il dekabrın 4-də isə Milli Məclisin noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirməsini Azərbaycan xalqı üçün ən böyük töhfə kimi qiymətləndiriblər.

Məktəblilər Dövlət Bayrağına həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş