Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib » Göyəzən internet portalı


Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı “Molla Pənah Vaqif ili” və bu münasibətlə təşkil olunan mərasimlər barədə məlumat verib.

TRT-nin Ankara radiosu Xorunun ifasında Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı səsləndirildikdən sonra Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan M.P.Vaqifin, onun haqqında yazılmış, başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət sərginin açılışı olub.
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül çıxış ediblər.

Çıxışlarda böyük şair Molla Pənah Vaqifin poeziya yaradıcılığı, onun diplomatik səyləri, dövlət işlərindəki uğurları və digər məqamlardan bəhs olunub. TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar əminliklə ifadə ediblər ki, türk xalqlarının tarixi şəxsiyyətlərinin, o cümlədən görkəmli ədəblərin həyat və fəaliyyətinin tanıdılmasına göstərilən diqqət türkdilli xalqları daha möhkəm tellərlə bağlayır və qarşılıqlı olaraq tanıdır.

D.Kaseinov və N.Gül TÜRKSOY-un həyata keçirdiyi layihələrin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, türk dünyasının parlaq ədəbi simalarından olan Molla Pənah Vaqifin yaradıcılığına və şəxsiyyətinə göstərilən diqqət bütün türkdilli ədiblərə olan qayğının tərkib hissəsi və davamıdır. Onun yaradıcılığı təkcə Azərbaycan xalqının yox, bütün türk dünyasının ədəbiyyat xəzinəsi üçün tükənməz sərvətdir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov ölkəmizdə M.P.Vaqif yaradıcılığına və şəxsiyyətinə həmişə böyük ehtiram göstərildiyini ifadə ediblər. Diqqətə çatdırılıb ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində məqbərə ucaldılıb. Təəssüflə qeyd olunub ki, 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri tərəfindən işğal olunan Şuşada bütün maddi-mədəniyyət abidələri, o cümlədən Vaqifin məzarı və məqbərəsi amansızcasına dağıdılıb.
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib
Vaqifin yaradıcılığının həmişə böyük məhəbbətlə sevildiyini diqqətə çatdıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G.Əfəndiyeva bildirib ki, onun yaradıcılığı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq sərvətidir. Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyi barədə məlum Sərəncamı böyük şairin şəxsiyyətinə göstərilən ehtiramdır. Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə Molla Pənah Vaqif UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramına” daxil edilməsi onun yaradıcılığına verilən yüksək qiymətdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən Vaqifin bədii irsinin qorunması və inkişafı istiqamətində əməli addımlar atmağı qarşısına məqsəd qoyub.

Açılışdan sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Professor Ahmed Bican Ercilasunun sədrliyi ilə panel keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Avrasiya Yazıçılar Birliyinin sədr müavini, şair Ali Akbaş, Qazaxıstanın TÜRKSOY-dakı rəsmi təmsilçisi, dosent Askar Turganbayev və dosent Yıldız İsmayilova Molla Pənah Vaqif yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikirlərini bölüşüblər.

Molla Pənah Vaqif yaradıcılığının ayrı-ayrı istiqamətlərindən bəhs edən akademik İsa Həbibbəyli və professor Kərim Tahirov bildiriblər ki, Vaqif poeziyası tarixə, köklərə, mənəvi dəyərlərə bağlılığı, xalq ruhunu ifadə etməklə, eləcə də Azərbaycan dilini yad təsirlərdən qorumaqla həyata vəsiqə qazanmış ədəbiyyat incisidir.

AMEA-da və Azərbaycan milli kitabxanasında Vaqif yaradıcılığını əhatə edən zəngin kitab fondu mövcuddur. Bu əsərləri türk dünyasında tanıtmaq, eləcə də dünya ədəbiyyatı sırasına daxil etmək qarşıda duran mühüm vəzifələrdəndir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova Vaqifin şeirlərini oxuyub.

Sonra türkiyəli aşıq Selahettin Dündar sazda ifa ilə Vaqifin şeirlərindən parçalar səsləndirib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyası adından TÜRKSOY-a rəsm tablosu və dəyərli kitablar hədiyyə olunub.

“Molla Pənah Vaqif ili”nin ikinci toplantısı martın 3-də Türkiyənin Sakarya şəhərində keçiriləcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara



Facebook-da paylaş