• Təqvim

  • Unutma

  • Maraq



Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır

Əməli işləri ilə Azərbaycanın layiqli adını, millətin şərəfini və ləyaqətini özünə qaytaran və hələ sağlığında nəsillərin qan yaddaşına nurlu ömrünü qızıl hərflərlə yazdıran Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan "Açıq qapı” günləri davam edir.

Bu gün artıq 9-cu gündür ki, rayonun idarə, müəssisə və təşkilat kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı” günlərində iştirak edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

25 apreldən start verilən "Açıq qapı” günlərində ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, öz ehtiramlarını bildirirlər. Daha sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Sən əlçatmaz zirvəsən” başlıqlı sərgi ilə tanış olur, dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.

Dinlənilən mühazirələrdə müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan ulu öndər Heydər Əliyevin canlandığı diqqətə çatdırılır. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızın bir çox bəlalardan xilas olduğu, ölkədə vətəndaş müharibəsinin qarşısının alındığı vurğulanır. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının ümummilli liderin siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar fəaliyyəti sayəsində mümkün olduğu qeyd olunur. Bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığı vurğulanır. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilir, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verilir.

Mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə çatdırılır ki, "Açıq qapı” günlərinin təşkil olunmasında da əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir.

"Açıq qapı” günlərinin növbəti iştirakçıları Qazax rayon Bələdiyyəsinin, Mənzil İstismar Sahəsinin, Kommunal Müəssisələri Kombinatının, 28 nömrəli Yol İstismarı İdarəsinin, Qazax Dəmiryol stansiyasının, Qazax Telekommunikasiya qovşağının, Müalicə Diaqnostika Mərkəzinin, Gənclər və İdman İdarəsinin, rayon Mərkəzi Xəstəxanasının, Qazax Elektrik Şəbəkəsinin kollektivləri, N saylı hərbi hissənin əsgər və zabitləri olublar.

İştirakçılar əvvəlcə dahi insanın abidəsini ziyarət ediblər. Sonra muzeydə ulu öndərin həyat və siyasi fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar. Sərgi ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günlərində bu günə kimi 2000-ə yaxın ekskursiyaçı iştirak edib. "Açıq qapı” günləri mayın 10-dək davam edəcək.




















GOYEZEN.AZ



Facebook-da paylaş