Qazax Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Qazax rayon Heydər Əliyev Mərkəzində 8 Mart -
Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadınlar və əbədi gözəllik” başlığı
altında dəyirmi masa təşkil olunub.
Tədbirdə rayonda müxtəlif sahələrdə
çalışan fəal qadınlar və mərkəzin kollektvi iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri
giriş sözü ilə açaraq "Qadınlar və əbədi gözəllik” mövzusunda
ətraflı çıxış edib. Bildirib ki, qadınların ictimai həyatdakı mövqeyi hər bir
ölkə üçün əsas siyasət meyarlarından biridir. Böyük xalqların taleyində adını
yazdırmış görkəmli qadınlar çox olmuşdur. Fəxrlə demək olar ki, Azərbaycan
qadınları da tarix boyunca xalqımızın milli-mədəni ənənələrinin zənginləşməsinə
və qorunub saxlanmasına xidmət etmiş, mürəkkəb və şərəfli inkişaf yolu keçərək,
fədakarlıq rəmzinə çevrilmişlər. Mehriban xanım Əliyeva müasir Azərbaycan
tarixinə Vətəni və xalqı qarşısında əvəzsiz xidmətləri ilə adını
qızıl hərflərlə yazdırmağa layiq olan qadınlardandır. 2017-ci il fevralın
21-dən Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban
xanım Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq Birinci xanım statusunu
formalaşdıraraq bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin
reallaşmasına sərf etmişdir. Məhz bu genişmiqyaslı və fədakar fəaliyyətinə görə
bir çox beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək mükafatlara layiq
görülmüşdür.
Sonra YAP Qazax rayon təşkilatının Qadınlar
Şurasının sədri Yeganə Göyüşlü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri
Sevda Həsənova, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva,
Qazax şəhər Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Mədəniyyət
Mərkəzinin direktoru Zahidə Həsənova, Mərkəzi Kitabxana Sisteminin direktoru
Solmaz Babanlı, rayon Təhsil şöbəsində aparıcı məsləhətçi Günay
Bəxtiyarlı, Ürkməzli kənd mədəniyyət evinin müdiri, şairə Gülsənəm Cəlilova
çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı
ilə ölkədə hüquqi demokratik dövlət qurulmasından və qadın
hərəkatına dövlət qayğısının güclənməsindən danışıblar. Rayonun ictimai
işlərində yüksək fəallıq göstərən qadınların hər biri öz çıxışında ölkə prezidenti
İlham Əliyevin sosial sahədə imzaladığı Sərəncamlardan danışıb,
həmin Sərəncamların xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət etdiyini
bildiriblər. Bütün bu diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə bütün
qadınlar adından minnətdarlıqlarını çatdırıb, Mehriban xanım Əliyevanı
Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş