Qazaxda 21 Fevral – Beynəlxalq Ana Dili Günü silsilə tədbirlərlə qeyd olunub
Fevralın 21-i bütün dünyada Beynəlxalq
Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin
təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan
edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal
şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin
öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da Beynəlxalq Ana Dili Günü münasibətilə
silsilə tədbirlər keçirilib. Qazax
rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə Dəmirçilər kənd kitabxana
filialı da "Əsrlərin yadigarı Ana Dilim” adlı məruzə keçirib. Tədbirdə fəal oxucular
və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri
kitabxana filialının müdiri Xanım Hüseynova açaraq bildirib ki, dil hər bir millətin maddi-mənəvi irsini qoruyan,
inkişaf etdirən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı
bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə
ünsiyyət qurmasında mühüm rol oynayır. Azərbaycan
dili və ədəbiyyat müəllimi Həcər Əsədova, mədəniyyət işçisi Nəzakət Rəhimova və
Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Nuranə Rüstəmova
çıxışlarında qeyd ediblər ki, bu günün qeyd olunmasında məqsəd dünyada
"dillərin ölməsinin” qarşısını almaq, onların qorunub saxlanılmasına diqqəti
cəlb etməkdir. Fəal
oxuculardan Rizvan Qasımov, Ramiz Hadıyev, Səbinə Yusifova, Vüsal Məmmədov və
başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər. xxx xxx xxx Şəhər 1 nömrəli kitabxana filialında da 21
Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilimiz milli varlığımızdır” adlı
ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin
müəllim-tələbə kollektvi, şəhər 1 nömrəli Folklor evinin işçiləri iştirak ediblər. Kitabxana filialının müdiri Fəridə Xudiyeva tədbiri
giriş sözü ilə açaraq ümummilli
lider Heydər Əliyevin dilimiz haqqında söylədiyi dəyərli fikirlərini tədbir
iştirakçılarının diqqətinə çatdırıb.Qeyd edib
ki, ulu öndərin də söylədiyi kimi hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini
yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın
qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Bu sözlərə ilk əməl edən, canlı nümunə isə məhz ulu öndər idi. Onun hələ sovet imperiyasının ən güclü
dövrlərində ana dilimizin - Azərbaycan dilinin yaşadılması və təbliği uğrunda
apardığı mübarizə, gördüyü işlər saysız-hesabsızdır. Dövlət Sosial-İqtisadi Kollecin təlim-tərbiyə işləri
üzrə direktor müavini İlkin Həsənov, şəhər 1 nömrəli Folklor evinin müdiri
Gülüsüm Həsənova çıxışlarında Azərbaycan dövlətinin müstəqillik qazandıqdan
sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif
Sərəncam və Fərmanların imzalandığını qeyd ediblər. Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri
mövzu ətrafında öz fikirlərini bölüşüblər. xxx xxx xxx Qazaxbəyli
kənd kitabxana filialı məcburi köçükünlər üçün salınmış yeni qəsəbədə Aşağı
Əskipara kənd tam orta məktəbin akt zalında 21 Fevral - Beynəlxalq Ana Dili
Gününə həsr olunmuş "Doğma ana dilim” adlı ədəbi-bədii kompozisiya keçirib.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi, mədəniyyət işçiləri iştirak edib. Tədbirdə
giriş sözü ilə çıxış edən Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar
Əliyev dilimizin keçdiyi inkişaf mərhələlərindən, onun
tədrisi üçün yaranmış imkanlardan, dilimizin qorunması
və zənginləşdirilməsi istiqamətində dövlət
səviyyəsində görülmüş işlərdən danışıb. Kitabxana
filialının müdiri Sevinc Alməmmədova, gənc şairə Nuranə Təbrizi və
Diyarşünaslıq klubunun müdiri Mehparə Salmanova çıxışlarında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dilimizin saflığının qorunması sahəsində
gördüyü işlərdən söz açıblar. Məktəblilərdən
Zeynəb Əlizadə, Ülvi Alməmmədli, Nuranə Babayeva, Aytən Pənahova, Rəvan Sadıqov,
Hümbət Əliyev və başqaları dilimizə həsr olunmuş səhnəciklər göstərib. "Lalə”
rəqs qrupunun rəqsləri tədbir iştirakçılarının zövqünü oxşayıb. Sonda "Mənim
can dilim” adlı sərgiyə baxış olub.
xxx xxx xxx "Dilimiz,
mənəviyyatımız” adlı tədbir isə N.Nərimanov qəsəbə kitabxana filialında
keçirilib. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə fəal oxucular,
mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri
giriş sözü ilə açan kitabxana filialının müdiri Siddiqə Qələndərova ana
dilimizin xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib
hissəsi, mənəvi diriliyi olduğunu bildirib. Kitabxanaçı
Cahan Qasımova çıxışında ümummilli lider Heydər Əliyevin dilimizin qorunması və
inkişaf etdirilməsinə göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Prezident
İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi
məqsədyönlü tədbirlərdən danışıb. Fəal
oxuculardan Gülay Müvəssəqi, Nəzrin Abdullayeva, Səbilə Zeynalova, Nuray Babazadə
və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
xxx xxx xxx Daş
Salahlı kənd 2 nömrəli kitabxana filialı A.Əmilov adına 1 saylı tam orta
məktəbdə Beynəlxalq
Ana Dili Gününə həsr olunmuş "Ana dilim, doğma dilim” adlı
ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi
iştirak edib. Məktəbin
direktoru Söylü Xəlilova, kitabxana filialının
müdiri Hökümə Eyyubova və müəllim Söylü Pirməmmədova çıxışlarında qeyd ediblər
ki, bu gün harada yaşamasından asılı olmayaraq doğma ana dilimiz - Azərbaycan
dili əlli milyon insanın bir-biri ilə ünsiyyət dilidir. Bu dildə
danışanların sayı gündən-günə artır, çoxalır. Dilimizin şirinliyi, axıcılığı
hamını heyran edir. Məktəblilərdən Gülnar Yarəhmədova, Günay İsmayılova,
Şəbnəm Hüseynova, Səfa Hüseynova, Aysu Səttarova, Selcan Mehdiyeva, Günel Qocayeva,
Ləman Vəliyeva və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər
söyləyib, mahnılar ifa ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş