• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Milli Musiqi Günü qeyd olunub


18 sentyabr - dahi Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, musiqi məktəbinin müəllim-şagird kollektivi, mədəniyyət işçiləri iştirak edib.

Rayon Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbiri musiqi məktəbinin direktoru Ramil Qurbanov giriş sözü ilə açaraq qeyd edib ki, böyük bəstəkar Üzeyir Hacıbəylinin ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxsaylı töhfələrdən danışıb.


Bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər görülüb. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və digər dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib.

"Ümummilli liderin qayğısı ilə ölkəmizdə musiqi mədəniyyətinin inkişaf dinamikası sürətlənib, Azərbaycan bəstəkarlarının beynəlxalq əlaqələri genişlənib, respublikada müsabiqələr, nəzəri konfranslar, müəllif gecələri, mahnı bayramları təşkil olunaraq gənc nəslin musiqi-estetik tərbiyəsinə böyük diqqət yetirilib”, – deyən direktor vurğulayıb ki, bu gün ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.


RİHB aparatında aparıcı məsləhətçi–psixoloq Kəmalə Cəfərova, Ağstafa Regional Mədəniyyət və Turzim İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin xalq çalğı alətlərinin şöbə müdiri Vaqif Əliyev çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəyovun 133-cü ildönümü ilə əlaqədar geniş məlumat veriblər. Ümummilli lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli, 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunmasını ölkəmizdə musiqi mədəniyyətinə verilən ən yüksək qiymət olduğunu bildiriblər. Qeyd ediblər ki, Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib.

Tədbirdə məktəbin şagirdləri fortepiano, tar, qarmon, xor kollektivi səhnəciklər göstəriblər. IV sinif şagirdlərindən Nigar Hüseynova, Zülfiyyə Şirinova fortepianoda, V sinif şagirdi Fərhad Əmiraslanov tarda, IV sinif şagirdləri Nurlan İsmayılov sazda, İmran Əhmədov qarmonda, muğam sinfinin şagirdləri - Şadət Omarov, Türkan Rəhimova, Ayşən Mustafayeva, Nərmin Xanbabayeva, Aysu Mustafayeva öz məharətlərini nümayiş etdiriblər.






GOYEZEN.AZ

 



Facebook-da paylaş