Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər

Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər


25-01-2018, 20:20
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Qazax rayonunun Cəfərli kəndi sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq bu gün özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Cəfərli günü-gündən inkişaf edir, kəndin necə deyərlər, yeni tarixi yazılır. Qazax rayon İcra Hakimiyyəti Başçısının Сəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə danışılıb.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, yola saldığımız 2017-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermiş, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2018-ci il yanvar ayının 10-da Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında bu barədə ətraflı danışılmış, müzakirələr aparılmışdır. İclasda Ölkə Başçısı 2017-ci il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə Başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir.
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Cəfərli kənd İƏD-si üzrə nümayəndəsi Şahin Mustafayev hesabat məruzəsində ölkəmizdə olduğu kimi, rayonumuzda da 2017-ci ilin bir çox hadisələrlə yadda qaldığını bildirib. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində bir il yeddi ay ərzində Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür. Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir.

Qeyd olunub ki, Qazax rayonunda gedən sürətli inkişafı sərhəd kəndi olan Cəfərlinin timsalında aydın şəkildə görmək olar. Kənddə vaxtilə yığılıb qalmış bütün problemlər öz müsbət həllini tapıb. Cəfərli bütün infrastrukturla tam təmin olunub. Nümayəndəlikdə 350 təsərrüfat olmaqla 1481 nəfər əhali iki yaşayış məntəqəsində - Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışdır. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi, bir EATS fəaliyyət göstərir.

Nümayəndəliyin ərazisi sərhəddə yerləşdiyi və torpaqlarının bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq islahatı aparılmamışdır. Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti istifadə üçün icarəyə verilmişdir. Həmin sahələr dəmyə şəraitində yerləşdiyi üçün ondan ancaq taxılçılıq və təbii biçənək kimi istifadə etmək mümkündür. Bu il Cəfərli kəndində 330 ha sahədə buğda, 105 ha sahədə arpa, 11 ha sahədə isə vələmir əkilmişdir. Bundan başqa, Cəfərli kəndinin ərazisindən 100 ha torpaq sahəsi Qazax Konserv Zavoduna, 47 ha isə “Birinci Şıxlı” kəndli fermer təsərrüfatına kartof əkini üçün icarəyə verilmişdir. Bu sahələrin əkilib becərilməsində əsas işçi qüvvəsi kimi kənd sakinləri iştirak edirlər ki, bu da əhalinin məşğulluğunun yaxşılaşdırılmasına xeyli kömək edir. Bundan başqa, 2017-ci ildə Cəfərli kəndi ərazisində 2,5 ha tütün əkilmiş və bu sahə ilə 10 ailə mütəmadi olaraq məşğul olmuşdur.
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Kənd təsərrüfatı məhsulları istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsindən 190 ailəyə 42724 manat pul vəsaiti ödənilmişdir ki, bu da ötən ilkindən xeyli çoxdur.

Hər iki kənddə tikilmiş müasir tipli, hər cür şəraiti olan tibb məntəqəsində əhaliyə tibbi yardımlar göstərilir, antisanitariyaya ciddi riayət olunur. Artezian quyularının və bulaqların kənarları vaxtaşırı təmizlənir, bəzi yoluxucu xəstəliklərin yayılmaması üçün profilaktik tədbirlər görülür. Kəndarası küçələrdə səliqə-sahmana xüsusi diqqət yetirilir.

Qeyd olunub ki, 1988-ci ildən kəndə gələn suvarma arxı ermənilər tərəfindən kəsilmiş, əhali suvarma suyundan məhrum olmuşdur. Cəfərli və Bala Cəfərli kəndlərində hal- hazırda 6 ədəd artezian quyusu vardır. Bu quyularda hər hansı bir nasazlıq baş verən kimi subartezian quyuları idarəsinin köməkliyi ilə aradan qaldırılır. Kəndin aşağı hissəsində yerləşən artezian quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik fasilələrlə içməli su vurulur. Kəndin yuxarı hissəsində yaşayan 12 ailəyə arteziandan vurulan su çox çətinliklıə gedirdi. Həmin sakinlərin köməyi və İcra Hakimiyyətinin dəstəyi ilə həmin məhəlləyə yeni su xətti çəkilibdir.

Kənd qəbiristanlığında abadlıq və təmizlik işləri aparılmış, qəbiristanlığın bərbad vəziyyətdə olan ətrafı dəmir torla yenidən təmir olunmuşdur. Bu işdə kənd ictimaiyyəti yüksək fəallıq göstərmişdir.

Cəfərli və Bala Cəfərli kəndlərində 2017-ci ildə elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem olmamışdır. Hesabat ilində nümayəndəlikdə 2 nigah, 11 ölüm və 11 doğum aktı qeydə alınmışdır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq Cəfərli və Bala Cəfərli kənd sakinləri ilə görüşür, onların bütün problemləri ilə yaxından tanış olur və həmin problemlərin həlli üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, illərdən bəri yığılıb qalmış problemlər həll olunmuşdur. Bala Cəfərli kəndinə gedən asfalt yol cari təmir edilmiş, kənddə bir ədəd avtobus dayanacağı tikilmiş, Bala Cəfərli kənd sakini Qasımova Nuriyyə Tofiq qızının evinin dam örtüyü, bir otağıın döşəməsi və evin pəncərələri dəyişdirilmiş, evin qarşısına 13 metr uzunluğunda istinad divarı çəkilmişdir. Bundan başqa, kənddə yaşayan 24 ailənin evinin dam örtüyü dəyişdirilmiş, kənd sakinlərinin hər birinin həyətinə içməli su xətti çəkilmişdir. 16 ailənin maddi rifah halının yaxşılaşdırılması üçün hər birinə 1100 manat birdəfəlik maddi yardım verilmişdir. Kəndin mərkəzindəki artezian quyusu təmir edilərək rənglənmiş və normal vəziyyətə gətirilmişdir.

Ehtiyacı olan kənd sakinlərinə rayon rəhbərliyi öz diqqət və qayğısını əsirgəməmiş, şəhid ailəsi Sədaqət Almazovaya, I qrup əlil Məmməd Qarasaqqalova köməklik göstərilmişdir.

Kənd sakinlərinin nəqliyyat cəhətdən təminatı yaxşılaşmışdır. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik həcmli avtobus əhaliyə xidmət göstərir.

121 şagirdin təhsil aldığı Cəfərli kənd tam orta məktəbində 22 nəfər müəllim çalışır. Ötən dərs ilində məktəbin 7 nəfər məzunundan 3 nəfəri ali məktəbə sənəd vermiş, 1 nəfəri ali məktəbə, 2 nəfəri isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Nümayəndəlik məktəblə sıx əlaqədə işləyir, əmək intizamına riayət olunmasına, davamiyyətin qaydasında olmasına daim nəzarət edilir.

Cəfərli kəndində yerləşən 20 yerlik uşaq bağçası neçə illər idi ki, çox bərbad vəziyyətə düşmüşdü, otaqlar darısqal və təmirsiz idi. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən bağça binası əsaslı şəkildə təmir edilərək yenidən qurulmuş, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Buna görə kənd camaatı və valideynlər adından Rəcəb Babaşova öz dərin minnətdarlığımızı bildiririk.

Kənd əhalisinin uzun illərdən bəri həsrətində olduğu yol problemi rayon rəhbərliyinin səyi nəticəsində həllini tapmışdır. Kəndə çəkilən yüksək keyfiyyətli asfalt yolun yarısı artıq hazırdır. Bu, Ölkə Başçısının sərhəd kəndində yaşayan biz sakinlərə ən böyük töhfəsidir. Ona görə də bütün kənd sakinləri adından Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk.

Cəfərli və Bala Cəfərli kəndlərində 7 nəfərdən ibarət yaradılmış işçi qrupu daim əhali arasında olur, onlarla söhbətlər aparır, problemli məsələlərin həllində bizə yaxından köməklik göstərir.

Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev və Telman Kosayev, Məzahir Mustafayev, Fiqura Yunisova, Fazil Yusifov, Musa Hüseynov və başqaları çıxış edərək sərhəd kəndinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə, Cəfərlinin günü-gündən inkişafına görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yenicə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən kənd uşaq bağçasında olub, körpələrə göstərilən xidmətlə maraqlanıb və razı qaldığını bildirib.

Elçin İSMAYIL

Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Sərhəd kəndinin sakinləri Ölkə Başçısına minnətdarlıq edirlər
Geri qayıt