Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxın kəndləri: yeni asfalt yolların təntənəli açılışı

Qazaxın kəndləri: yeni asfalt yolların təntənəli açılışı


28-12-2017, 11:00

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Qazaxın kəndləri: yeni asfalt yolların təntənəli açılışı
Açılışların ilki Çaylı kəndində gerçəkləşib. Burada Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən avtomobil yolunun açılışı olub. Açılış münasibətilə yolun kənarları al-əlvan şarlarla bayramsayağı bəzədilmişdi. Əllərində Azərbaycan bayrağı tutmuş yüzlərlə kənd sakini, ziyalılar, ağsaqqallar, məktəblilər mərasimə toplaşmışdılar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək yeni avtomobil yolunun istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı kəndlərimizə də yüksək keyfiyyətli asfalt yollar çəkilir. Çaylı kəndinə çəkilmiş uzunluğu 6 kilometr olan bu yol 7836 nəfər sakinin yaşadığı Çaylı kəndinə xidmət göstərəcəkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev də kənd sakinlərini təbrik edərək ən xoş istək və arzularını çatdırıb. O, ulu öndər Heydər Əliyevin dediyi "Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözlərini xatırladıb. Qeyd edib ki, istifadəyə verilən yeni yol kəndlərimizdə iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, bütün sahələrin inkişafına təkan verəcəkdir.
Sonra kənd sakinlərindən Məhəmmədəli Məşədiyev, Qəzənfər Qocayev və başqaları çıxış edərək yolun istifadəyə verilməsinə görə Prezident İlham Əliyev cənablarına bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz razılıqlarını söyləyiblər.
Yolun rəmzi açılışını bildirən lent kəsildikdən sonra yola baxış keçirilmişdir.
Qazaxın kəndləri: yeni asfalt yolların təntənəli açılışı
Növbəti açılış tədbiri rayonun Kommuna kəndində gerçəkləşib. Yeni yolun açılışı kənddə əsl toy-bayrama çevrilib. Ona görə də yüzlərlə kənd sakini açılış mərasiminə toplaşmışdı. Göz işlədikcə uzanan, orta və kənar hissələri xətlənmiş yeni asfalt yol insanda böyük fərəh hissi oyadır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış münasibətilə keçirilən tədbirdə çıxış edərək yeni avtomobil yolunun istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün kənd sakinlərini təbrik edib. Qeyd edib ki, bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada tərəqqi, inkişaf olmasın. Kommuna kəndini Qazax-Quşçu Ayrım kəndi ilə birləşdirən yeni yol deyilənlərə əyani sübutdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev açılış mərasimində çıxış edərək yeni yolun istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, uzunluğu 2,65 kilometr olan yeni yol 1171 nəfər sakinin yaşadığı Kommuna kəndinə xidmət göstərəcəkdir. Bildirib ki, "Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa olunmuş avtomobil yolu ən yüksək standartlara cavab verir.
Kommuna kənd sakinlərindən Arif Mirzəliyev, Möhsüm Məmmədov və başqaları söz alaraq bayramqabağı belə bir yüksək səviyyəli yolu onlara bəxş etdiyinə görə Ölkə Başçısına sonsuz təşəkkürlərini çatdırıb, ən xoş arzularını söyləyiblər. Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Yolun rəmzi açılışını bildirən lent kəsildikdən sonra yola baxış keçirilib. Yeni yol tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Eyni gündə açılışı gerçəkləşən 3-cü yeni yol Hüseynbəyli kəndinə çəkilmiş yeni asfalt yol olub. Yolun kənarlarına toplaşmış yüzlərlə kənd sakini bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər. Bu münasibətlə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, mətbuat işçiləri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunmuş Qazax-Hüseynbəyli avtomobil yolu 1711 nəfər sakinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirir. 2,5 kilometr uzunluğunda olan yeni asfalt yol kənddə təsərrüfatın, eləcə də digər sahələrin daha da inkişaf etməsinə xidmət göstərəcəkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev rayon rəhbərliyinin fikirlərinə qoşularaq kənd sakinlərinə ən xoş arzularını bildirib. Qeyd edib ki, yeni yolun istifadəyə verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının ən bariz nümunəsidir.
Hüseynbəyli kənd sakinlərindən Mahirə Abbasova, Əsəd Mahmudov və başqaları çıxış edərək kəndə yeni asfalt yolun çəkilişinə görə başda Ölkə Prezidenti İlham Əliyev cənabları olmaqla Avtomobil Yolları Dövlət Agentliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, kəndə çəkilən yeni yol bayram ərəfəsində onlara verilən ən böyük hədiyyədir.
Sonra Rəcəb Babaşov və Əvəz Qocayev alqış sədaları altında yolun rəmzi açılışını bildirən lenti kəsiblər. Yüksək səviyyədə inşa olunmuş yeni yol bütün kənd sakinlərinin ürəyincə olub.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
28 dekabr 2017-ci il


Geri qayıt