Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda Osman Sarıvəlli poeziya bayramı

Qazaxda Osman Sarıvəlli poeziya bayramı


19-12-2017, 12:30

QAZAX RESPUBLİKA MƏTBUATINDA


Qazaxda Osman Sarıvəlli poeziya bayramı
Qazaxda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəlliyə həsr olunmuş poeziya bayramı keçirilmişdir.

Poeziya bayramından əvvəl tədbir iştirakçıları İkinci Şıxlı kənd məzarlığına gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini ziyarət etmişlər. Burada məktəblilər şairin şeirlərini oxumuşlar.

Sonra poeziya bayramı Ədəbiyyat muzeyində davam etdirilmişdir. Burada qonaqlar muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə yaxından tanış olmuşlar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını giriş sözü ilə açaraq, tədbir iştirakçılarını və qonaqları salamlamış, bayram münasibətilə onları təbrik etmişdir. Osman Sarıvəlli poeziyasının gözəlliyindən söz açan rayon rəhbəri qeyd etmişdir ki, “hər kim yüz il yaşamasa, günah onun özündədir” misralarını milyonları düşündürən sətirə çevirən görkəmli şair Osman Sarıvəlli milli ədəbiyyatımıza böyük töhfələr vermiş, Azərbaycan dilinin inkişafında onun xüsusi xidmətləri olmuşdur. Düzdür, onun özü də yüz yaşaya bilmədi, lakin yaratdığı əsərlər, qazandığı sevgi, heç şübhəsiz, bundan sonra da hələ çox yüz illər yaşayacaq və osmansevərlər onu xoş xatirələrlə yad edəcəklər.

Sonra Xalq şairinin həyat və yaradıcılığından bəhs edən, onun haqqında söylənmiş qiymətli fikirlərin yer aldığı film nümayiş olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, Osman Sarıvəllinin ilk kitabı 1934- cü ildə “Dəmir sətirlərim” adı altında oxuculara təqdim edilib. Yurdumuzun gözəllikləri, folklorumuzun müdrikliyi, klassik poeziyamızın incəlikləri Osman Sarıvəlli yaradıcılığının mənəvi qidasına çevrilib.

Poeziya bayramında akademik Teymur Bünyadov, Milli Məclisin deputatlarından Nizami Cəfərov və Ülviyyə Ağayeva, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov, filologiya elmləri doktoru Rüstəm Kamal, şair Musa Ələkbərli, şair-jurnalist Məmməd Əfşan, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin əməkdaşı Gülamayıl Murad çıxış edərək Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini söyləmiş, şairlə bağlı xatirələrini danışmışlar.
Qeyd olunub ki, Osman Sarıvəlli böyük şair olduğu kimi, həm də qüdrətli tərcüməçi idi. Sənətkar Nizami Gəncəvi, Viktor Hüqo, Puşkin, Nazim Hikmət kimi yazıçı və şairlərin əsərlərini dilimizə tərcümə etmiş, folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməmişdir. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov saz havaları üstündə şairin şeirlərini oxumuşlar.

Qazax Dövlət Dram Teatrı aktyorlarından Zəmanə Dərvişova və Hacı Hacıyevin ifasında “Gətir, oğul, gətir” poemasından bir parça ifa olunmuşdur.

M.Hüseyn adına məktəb-liseyin və İkinci Şıxlı kənd tam orta məktəbin şagirdləri Xalq şairinin şeirlərindən parçalar söyləmişlər.

Xalq şairinin oğlu, hazırda Türkiyədə çalışan professor Babək Qurbanov çıxış edərək atasına verilən yüksək dəyərə və belə yüksək səviyyəli tədbirin keçirilməsinə görə respublika rəhbərinə ailəsi və osmansevərlər adından öz dərin minnətdarlığını bildirmiş və demişdir: – Bu gün bizim ailə üçün əsl bayramdır. Biz sevinirik ki, atama bu cür dəyər verilir, onun adı əziz tutulur. Mən şairin oğlu və bir elm adamı kimi ölkə başçısı cənab İlham Əliyevə sonsuz təşəkkürümü çatdırıram ki, şairlərimizə, yazıçılarımıza, ədəbiyyat adamlarına hər zaman böyük önəm verir, diqqət və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin həyatına, yaradıcılığına həsr olunmuş poeziya bayramı bunun ən bariz nümunəsidir.

Poeziya bayramı Eldar Nəsiblinin “Bura Qazaxdı” şeirinin sədaları altında başa çatmışdır.

Qazaxda Osman Sarıvəlli poeziya bayramı
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
19 dekabr 2017-ci il


Geri qayıt