Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir

Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir


19-09-2016, 11:15

Bu, yeni dərs ilində rayonumuzda istifadəyə verilən sayca üçüncü məktəbdir


Respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, hər il yeni-yeni məktəb binaları inşa olunur, əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Bu da ümumtəhsil məktəblərində təlim və tərbiyənin daha da yaxşılaşmasına, əldə edilən nəticələrin getdikcə yüksəlməsinə səbəb olur.

Respublikamızda olduğu kimi rayonumuzda da təhsilin səviyyəsinin yüksəldilməsi, tədris müəssisələrində təlim və tərbiyənin keyfiyyətinin artırılması istiqamətində diqqətəlayiq işlər görülür. İlbəil yeni inşa olunan tədris müəssisələrinin sayı durmadan artır. Ehtiyac olan məktəblər isə əsaslı şəkildə təmir olunur. Təkcə bu il iki yeni məktəb Aşağı Əskipara və Yuxarı Salahlı kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdir.
Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir
Rayon rəhbərliyinin təhsilə olan böyük diqqət və qayğısı sayəsində yaradılmış bu yüksək şəraitin nəticəsidir ki, rayonumuzun məktəblilərinin əldə etdikləri nəticələr ildən-ilə daha da yaxşılaşır. Təkcə onu demək kifayətdir ki, bu il 58 nəfər məzun 500-700 arası bal toplamış, bir nəfər isə ən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Bu gün daha bir məktəb binasının – Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə yaradılmış yüksək şəraitdən danışmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin göstərişinə əsasən respubliklamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Yaradılmış bu yüksək şərait böyüməkdə olan gənc nəslin elmin sirlərinə daha dərindən yiyələnməsinə, gənc nəslin savadlı və bacarıqlı olmasına imkan yaratmışdır. Bu gün ali məktəblərə qəbul zamanı məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etdi. Bildirdi ki, bu gün açılışını etdiyimiz məktəb binası olduqca yararsız halda idi. Mən məktəb binasının təmir olunması təşəbbüsü ilə çıxış etdim. Sağ olsun Rəcəb müəllim, mənim bu təşəbbüsümə dərhal reaksiya verdi. Onun göstərişinə əsasən məktəb binasının əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. İşlər inanılmaz sürətlə aparıldığından məktəbin təmiri cəmi 16 gündə başa çatdırıldı. Mən məktəb binasının əsaslı şəkildə yenidən qurulmasına göstəriş verdiyinə görə Rəcəb müəllimə öz dərin minnətdarlığımı bildirirəm.
Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin direktoru Çəməngül İsmayılova, kənd ağsaqqallarından Qəzənfər Qocayev, Göyçə Göyüşov, valideynlərdən Felyura Adıgözəlova çıxış edərək məktəb binasını əsaslı şəkildə təmir etdirdiyinə görə Ölkə Başçısına, rayon rəhbərliyinə müəllim və şagirdlər, valideynlər və kənd camaatı adından öz dərin minnətdarlıqlarını bildirdilər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva məktəbin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra binaya baxış keçirildi. Məktəb binası inanılmaz şəkildə tamamilə dəyişmişdir. Əvvəlki yararsız sinif otaqları, dəhlizləri, qapı və pəncərələri, yazı lövhələri və partaları yeniləri ilə əvəz olunmuşdur. Bu gün Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəb binası işıqlı, müasir və yüksək səviyyəli bir məktəb olmuşdur.
Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir
Tədbirə toplaşan müəllim və şagirdlər, valideynlər yaradılmış yeni şəraitdən hamılıqla razılıq etdilər. Məktəbə yeni qədəm qoyan birincilər Vətənə, dövlətə, sülh və əmin-amanlığa həsr olunmuş şeirlər söylədilər.

Elçin İSMAYIL
Geri qayıt