Əsas Səhifə > Manşet / Təhsil > “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları ilə Qazaxda görüş

“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları ilə Qazaxda görüş


2-12-2017, 11:54

QAZAX RESPUBLİKA MƏTBUATINDA


“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları ilə Qazaxda görüş
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qazax rayon məktəbliləri bu yaxınlarda Lənkəran-Masallı-Astara rayonlarında olmuşlar. Ekskursiyanın təşkil edilməsində məqsəd həmin rayonların tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq, müxtəlif məzmunlu musiqili-əyləncəli proqramlarda iştirak etmək olmuşdur.

Qazax rayon İcra Hakimiyyətində keçirilən görüş də şagirdlərin xatirəsində xoş izlər buraxmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən tur-aksiyanın məqsədindən danışmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, məktəblilərin biliklərinin artırılmasında, şagirdlərin dünya görüşlərinin formalaşmasında və zənginləşməsində tur-aksiyaların mühüm əhəmiyyəti var.

Bildirilib ki, artıq son turlarda Qazax məktəbliləri bilik yarışlarında nəzərəçarpacaq nəticələr əldə ediblər. Onlar bu dəfə də rayona əliboş qayıtmamış, 42 rayon arasında keçirilmiş bilik yarışında 1-ci yeri tutmuşlar. Rəcəb Babaşov qeyd edib ki, oxumaq, biliklərə yiyələnmək və gələcəkdə ixtisaslı mütəxəssis, ölkəmizə xeyir verəcək layiqli bir vətəndaş olmaq üçün ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də rayonumuzda çox gözəl və sağlam mühit var. Ona görə də yaradılmış bu şəraitdən maksimum istifadə etmək, həyatda və təhsildə uğurlu nəticələr qazanmaq lazımdır. Rayon İcra Hakimiyyətinin rəhbərliyi bu işdə hər zaman sizə dəstək olacaqdır.

Sonra tur-aksiya iştirakçılarından Kənan Hacıyev, Nurəddin Bayramov, Babaxan Carçıyev, Mətin Veyisli və başqaları çıxış edərək öz səfər təəssüratlarını görüş iştirakçıları ilə bölüşmüşlər. Onlar bu cür tur-aksiyalar təşkil etdiyinə görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya bütün iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildirmişlər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, müəllimlərdən Əsmayə Aslanova, valideynlərdən Solmaz Musayeva və başqaları çıxış edərək rayon İcra Hakimiyyəti rəhbərliyinin bu turların yüksək səviyyədə təşkili üçün hərtərəfli dəstək olduğunu qeyd etmişlər.

Tədbirin sonunda yarışların qalibi olmuş “Odlar yurdu” komandasının üzvlərinə İntellektual Oyunlar Assosiasiyası tərəfindən verilmiş 1-ci dərəcəli sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
2 dekabr 2017-ci il

Geri qayıt