Əsas Səhifə > Manşet / Rəsmi > Bayrağımız qürurumuzdur

Bayrağımız qürurumuzdur


11-11-2017, 10:30
Bayrağımız qürurumuzdur
Qazaxda da Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini ehtiramla yad etdilər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd etdi ki, ilk dəfə Azərbaycanın üçrəngli bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilib.

Ulu öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bunun ən bariz nümunəsidir. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

İcra başçısı bildirdi ki, respublikamızın bir çox rayonlarında, o cümlədən Qazaxda da Dövlət Bayrağı Meydanı salınmışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılmasının Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmasını vurğuladı.

Sonra bir sıra natiqlər çıxış edərək qeyd etdilər ki, bugünkü Azərbaycan gəncliyi müstəqilliyimizlə yaşıddır. Məhz buna görədir ki, Azərbaycan gəncliyi fəaliyyətinin bütün sahələrində uca bayrağımıza, onun daşıdığı ideallara sarsılmaz sədaqətlə xidmət göstərmək əzmini nümayiş etdirir.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
11 noyabr 2017-ci il


Geri qayıt