Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir

Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir


11-11-2017, 10:00
Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı uşaq bağçalarının əsaslı təmir olunması, Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir olunaraq istifadəyə verilməsi körpə fidanların sağlam şəraitdə böyümələri üçün atılan əhəmiyyətli addımlardandır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri, kənd sakinlərini bağçanın istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən məqsədyönlü işlər görülür.
Milli Məclisin deputatı Ülviyyə xanım Ağayeva tədbirdə çıxış edərək son bir il yarım ərzində Qazax rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərinin daha da genişlənməsindən və aparılan işlərin keyfiyyətindən danışmışdır. Qeyd edib ki, Qazax bu müddət ərzində durmadan inkişaf edərək öz görkəmini dəyişmişdir. Bunu rayonda inşa olunan sosial obyektlərin, müəssisələrin, məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsindən, eləcə də digər sahələrdə olan inkişafdan aydın şəkildə görmək olar. Sevindirici hal odur ki, bu inkişaf şəhərlə yanaşı, kəndlərdə də uğurla davam etdirilir. Xanlıqlar kəndində əsaslı təmir olunaraq istifadəyə verilən körpələr evi-uşaq bağçası da bunun əyani sübutudur.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Xanlıqlar kənd bağçasının əsasının bu kəndin yetirməsi olan xalq şairi Mirvarid Dilbazinin təşəbbüsü ilə qoyulduğunu qeyd edib.
Sonra şair Zaməddin Ziyadoğlu, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının müdiri Fəxrəndə Məmmədova, Ağköynək kənd tam orta məktəbin kimya müəllimi Sədaqət Əmirxanova, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, valideynlərdən Xatın Hüseynxanova, Şayəstə Qurbanova, qonaqlardan Səbinə Yusif və başqaları çıxış edərək böyüməkdə olan balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi keçirdiklərini bildiriblər.
Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları bağça ilə tanış olublar. Bağçanın dünənini və bu gününü özündə əks etdirən fotostendə baxdıqdan sonra yataq, oyun, musiqi otaqlarına və mətbəxə baxıblar. Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
11 noyabr 2017-ci il

Geri qayıt