Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı bir neçə kənddə vətəndaşların müraciətinə yerində baxıb

İcra başçısı bir neçə kənddə vətəndaşların müraciətinə yerində baxıb


21-05-2020, 20:23


Ölkə Prezidenti cənab İlham Əliyevin istər icra hakimiyyəti başçılarını, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər, onlara daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili hər zaman dövlət siyasətinin əsasını təşkil edir. Həyata keçirilən bütün işlər vətəndaş mövqeyinə əsaslanır. Atılan hər bir addımda vətəndaş hiss edir ki, dövlət həmişə onların yanındadır.

Hər kəsə yaxşı məlumdur ki, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla icra olunur. Vətəndaş amili Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ilk gündən iş fəaliyyətinin əsasını təşkil edir. Rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bunu icra başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir qazaxlı İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba həssaslıqla yanaşılacağına inanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə bir neçə kənddə vətəndaşların müraciətinə yerində baxıb.Yuxarı Salahlı, Ürkməzli (Yaqublu deyilən ərazidə), Dəmirçilər Bala Çaylı kəndlərində olan icra başçısı vətəndaşların əkin sahələrinin suvarılması ilə bağlı müraciətlərini diqqətlə dinləyib. Rayon rəhbəri vurğulayıb ki, ölkə Prezidentinin bir istəyi var ki, hər bir dövlət məmuru üzərinə düşən işi, icra etdiyi vəzifəni layiqincə yerinə yetirsin və ən əsası da xalqa xidmət göstərsin. Gördükləri bütün işlərin təməlində, kökündə xalqa xidmətin, vətəndaş-məmur münasibətlərinin, vətəndaşların məmnunluğunun dayandığını hər bir işdə dərk etsinlər.

"Ötən il quraqlıq olub, bu il də quraqlıqdır. Ona görə də mövcud olan sudan böyük qənaətlə istifadə olunmalıdır”, - deyən icra başçısı əkin sahələrinin suvarılması üçün bütün imkanlardan maksimum dərəcədə istifadə olunmasını, vətəndaşların su ilə təmin edilməsini bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib.

İcra başçısı hazırda əkin sahələrinin suvarılmasında işlərin qızğın çağının olmasını nəzərə alaraq su itkisinə yol verilməməsinin vacibliyini də vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Sudan İstifadə Birliklərinin, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin əməkdaşlarından ibarət xüsusi Qərargahın yaradıldığını, suvarma suyundan səmərəli istifadə etmək, suvarılmanın su itkisinə yol verilmədən aparılmasını yoxlamaq məqsədilə reydlərin keçirildiyini, növbəlilik prinsipinə ciddi şəkildə daim nəzarət edildiyini diqqətə çatdırıb.

İcra başçısı mayın 3-dən başlayaraq Qərargah üzvləri tərəfindən müxtəlif tarixlərdə Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Canalı, Kosalar, Daş Salahlı, Yuxarı Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Xanlıqlar, Ağköynək kəndləri ərazisində suvarma aparılan sahələrdə reydlər keçirildiyini, yoxlama zamanı Xanlıqlar kənd sakini Eldar Adıgözəlovun yerində olmadığının aşkar edildiyini və akt tərtib olunaraq suyun dayandırıldığını qeyd edib. Rayon rəhbəri bu cür yoxlamaların bundan sonra da davam etdiriləcəyini söyləyib. Suya daha böyük ehtiyac olduğu bir vaxtda vətəndaşların əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə edilməsinə məsuliyyətlə yanaşmalarını bildirib.

Ürkməzli kənd sakinlərindən Bəturə Osmanova, Sədaqət Osmanova, Könül Pənahova və başqaları onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.

Yuxarı Salahlı kəndi

 




Ürkməzli kəndi




Dəmirçilər kəndi





Bala Çaylı kəndi




GOYEZEN.AZ


Geri qayıt