Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı yeni asfalt örtüyü vurulan Səməd Vurğun küçəsində görülən işlərlə tanış olub

İcra başçısı yeni asfalt örtüyü vurulan Səməd Vurğun küçəsində görülən işlərlə tanış olub


20-05-2020, 20:00


Bu gün cənab Prezident İlham Əliyevin qayğısı, dəstəyi sayəsində Qazax rayonu gündən-günə inkişaf edir, respublikamızın müasir və abad rayonlarından birinə çevrilir. Son illər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bu dediklərimizin bariz nümunəsidir. Kəndlərdə çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə təmir edilən çoxmənzilli yaşayış binaları, tikilən və ya əsaslı şəkildə yenidən qurulan çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları son illər Qazaxda geniş vüsət alan quruculuq işləridir.

Hazırda isə ölkə Prezidentinin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Sevindirici haldır ki, şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına da start verilib. Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi bu dediklərimizin əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyün döşənməsi davam edən S.Vurğun küçəsində olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsində istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və digər abadlıq işləri sürətlə davam edir. Bundan əlavə, elektrik, rabitə və qaz xətləri səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir.

Görülən işlərlə tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.

Bir sözlə, həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Qazaxda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək.







GOYEZEN.AZ


Geri qayıt