Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun məzarını ziyarət edib

İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun məzarını ziyarət edib


9-04-2020, 17:56


Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb.

Bu gün həmin şəhidlərimizdən kapitan Orucov Mühüd Qurban oğlunun son mənzilə yola salındığı gündən 4 il keçir.

Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Fərəhli kəndində olub. Şəhidimizin ata və anası ilə birlikdə kənd qəbiristanlığındakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb.


Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Bildirib ki, Aprel döyüşü zamanı Mühüd Orucovun göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel döyüşləri zamanı işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib.


İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb.

Rayon rəhbəri ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun bundan sonra da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağı günün uzaqda olmadığını qeyd edib.

Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib.

Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.

Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.  

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.


GOYEZEN.AZ


Geri qayıt