Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb

İcra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb


4-03-2020, 19:56

Xəbər verdiyimiz kimi, martın 3-ü qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların yaddaşına tarixi bir gün olaraq yazıldı. Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Qazax Rayon Mərkəzi Xəstəxanası sakinlərin istifadəsinə verildi.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Mərkəzi Xəstəxanasının bir qrup əməkdaşını qəbul edib və əlamətdar hadisə münasibətilə səmimi ürək sözlərini çatdırıb. Səhiyyə sahəsində çalışan insanları yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib. Səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan rayon rəhbəri bildirib ki, səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Respublikamızda səhiyyə sahəsinə olan dövlət qayğısının ən bariz nümunəsi də dünən Qazaxda açılışı olan Rayon Mərkəzi Xəstəxanasıdır. Qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları, həmin proqramlara əsasən ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulması bir daha onu sübut edir ki, Azərbaycanda səhiyyə sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrasının uğurla davam etdirilməsi həmin qayğının əyani göstəricisidir.

Rayon rəhbəri ölkəmizdə səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, xüsusilə də düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə qazaxlılar, rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. İcra başçısı bundan sonra da səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün böyük səylə çalışmalarını bildirib və bu yolda xəstəxananın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova çıxış edərək ilk növbədə səhiyyə işçilərinin vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Belə yüksək səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını qeyd edib. 

Məlumat üçün qeyd edək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.

GOYEZEN.AZ


Geri qayıt