Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda fəaliyyət göstərən bağçalar arasında keçiriləcək “İlin ən yaxşı bağçası” müsabiqəsinə hazırlığa və uşaqların fiziki sağlamlığına həsr olunmuş iclas keçirilib

Qazaxda fəaliyyət göstərən bağçalar arasında keçiriləcək “İlin ən yaxşı bağçası” müsabiqəsinə hazırlığa və uşaqların fiziki sağlamlığına həsr olunmuş iclas keçirilib


23-01-2020, 23:34


Bu gün Qazaxda fəaliyyət göstərən bağçalar arasında keçiriləcək "İlin ən yaxşı bağçası” müsabiqəsinə hazırlığa və uşaqların fiziki sağlamlığına həsr olunmuş iclas keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda icra aparatının məsul şəxsləri, bağça müdirləri, tərbiyəçi müəllimlər, bağçalarda yeni yaradılan valideyn komitələrinin sədrləri, uşaq həkimləri, müsabiqəyə təhkim olunmuş aidiyyatı şəxslər iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. O, qış mövsümü ilə əlaqədar olaraq uşaqlarda tez-tez xəstələnmə hallarına rast gəlindiyini və bu məsələnin daim nəzarətdə saxlanılmalı olduğunu bildirib. Müavin bağçaya gələn uşaqlardan hər hansı birinin səhhətində narahatlıq yaranan zaman dərhal valideyninə məlumat verərək həkimə aparılmalı olduğunu qeyd edib və bununla bağlı bağça müdirlərinə tapşırıq verib. Xəstə uşaqların bağçaya gəlməsinin, uşaqların sağlamlığına dair həkimin tibbi arayışı olmadan buraxılmasının birmənalı şəkildə yolverilməz olduğunu bildirib. Bundan başqa, bağçalar üzrə təhkim olunmuş həkimlərin mövsümlə əlaqədar olaraq bağçalarla daha sıx əlaqədə olmalarını, uşaqların səhhəti, fiziki sağlamlığı ilə yaxından maraqlanmalarını, müəllim və valideynlərlə mütəmadi olaraq profilaktiki söhbətlərin aparılmasını qeyd edib, bu barədə tapşırıq və tövsiyələrini çatdırıb.


Qazax Rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev çıxış edərək bugünkü iclasın zamanında keçirilən bir tədbir olduğunu vurğulayıb. Qeyd olunan məsələlər haqda müəllim və valideynlərə məsləhətlərini verib. Baş həkim bağça müəllimləri ilə yanaşı hər bir valideynin də uşağının səhhətinə görə məsuliyyət daşıdığını bildirib. Bu baxımdan valideynləri səhlənkar olmamağa, övladında hər hansı narahatlıq yaranan zaman dərhal həkimə müraciət etmələrini söyləyib. Xəstə uşaqların bağçaya getmələrinin düzgün olmadığını, əksinə uşaqlarda daha da ağırlaşma hallarına gətirib çıxardığını vurğulayıb. Odur ki, ilkin əlamətlər müşahidə olunan zaman həkimə müraciət etmələrini bir daha tövsiyə edib.

İclasda hər il mahnı, şeir, rəqs və səhnəcik nominasiyaları üzrə keçirilən və ənənə halını alan "İlin ən yaxşı bağçası” müsabiqəsinə hazırlıqla bağlı görüləcək işlər də müzakirə olunub. Müsabiqəyə təhkim olunmuş şəxslərdən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Dövlət Dram teatrının rejissoru Musa Eyyubov,şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov tərəfindən lazımi tövsiyələr verilib. Belə ki, şeir seçərkən sözlərin mənasına, hər bir uşağın mənimsəmə qabiliyyətinə və çatdırmaq bacarığına xüsusi önəm verilməsi, əsasən Vətənə, şəhidlərə, inkişafa, tərəqqiyə həsr olunmuş şeirlərə yer ayrılması bildirilib. Səhnəcik üçün ilk növbədə mövzu seçiminin, sujet xəttinin düzgün olması, səhnəciklərin qısa ölçülü olmasına baxmayaraq özündə məna əks etdirməsi vurğulanıb. Ən əsası da hər bir nominasiya üzrə çıxışların bir vəhdət təşkil etməsi qeyd olunub.


3 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mstafayeva çıxış edərək istər uşaqların sağlamlığı, istərsə də müsabiqə ilə bağlı söylənilən fikirlərin hər bir bağça kollektivi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Hər il təşkil olunan müsabiqənin vaildeynlər tərəfindən də maraqla qarşılandığını söyləyib. Sözün yaxşı mənasında bağçalar arasında əsl rəqabət yaradan bu müsabiqənin uşaqların dünyagörüşünün formalaşmasında, bilik və bacarıqlarının üzə çıxarılmasında böyük rola malik olduğunu bildirib. Hər il olduğu kimi, bu il də "İlin ən yaxşı bağçası” adı uğrunda bütün bağça kollektivlərinin bu müsabiqəyə yüksək əhval-ruhiyyədə və səylə hazırlaşacaqlarını qeyd edib.




 

GOYEZEN.AZ                               


Geri qayıt