Əsas Səhifə > Manşet / Rəsmi > Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


13-01-2020, 19:26


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Hüseynbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında qeyd olunub ki, yola saldığmız 2019-cu il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.

Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.

Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndə Adil Nuruyev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyi Hüseynbəyli və Canalı kəndlərini əhatə edir. Kəndlərin birlikdə 1165 təsərrüfatı, 3409 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 2 bağça, 1 klub, 1 diyarşünaslıq evi, 2 kitabxana, 2 həkim məntəqəsi, 1 poçt şöbəsi, 3 bərbərxana, 13 ticarət obyekti fəaliyyət göstərir.

2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Hüseynbəyli və Canalı kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında daim təmizlik işləri aparılır. Zibil və məişət tullantılarının atılmasının qarşısını almaq məqsədilə tərəfimizdən tez-tez reydlər keçirilir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil və digər məişət tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq əhaliyə xəbərdarlıq edilmişdir. Təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir.

2019-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Hüseynbəyli və Canalı kənd sakinləri ilə səyyar görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir. Rayon rəhbərliyinin köməkliyi ilə 2019-cu ildə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Hüseynbəyli və Canalı kəndlərində 2 ədəd artezian quyusu qazılmış və kənd sakinlərinin istifadəsinə verilmişdir. Hüseynbəyli kəndində çəkilmış su xəttinin yanmış su motoru rayon rəhbərliyinin köməkliyi ilə yenisi ilə əvəz olunmuş, suyun verilişi bərpa olunmuşdur. Hüseynbəyli və Canalı kəndlərinin ərazisindən keçən ümumi uzunluğu 14 km olan suvarma üçün nəzərdə tutulan arxların 10 km-i əl əməyi, 4 km-i isə texnika vasitəsilə təmizlənmişdir.

Nümayəndəliyin ərazisində yaşayan şəhid ailələrinə və aztəminatlı ailələrə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramları münasibətilə bayram sovqatları verilmişdir.

Hüseynbəyli kənd icra nümayəndəliyi ərazisində klub, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir. Mədəniyyət evinin, klub və kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. 2019-cu ildə bir çox tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı soyqırımı, 21 Mart - Novruz bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü, Qurban və Ramazan bayramları qeyd olunmuşdur.

Hüseynbəyli kənd tam orta məktəbində 281 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 33 nəfər müəllim məşğuldur. Keçən il məktəbi bitirən 13 nəfər məzundan 7 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur.

Canalı kənd tam orta məktəbində 243 nəfər şagird təhsil alır ki, 36 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğuldur. 2019-cu ildə məktəbi bitirən 16 məzundan 4 nəfəri ali, 6 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur.

Əhalinin sağlamlığna, onların səhiyyə xidmətinə məsuliyyəti Hüseynbəyli və Canalı həkim məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.

Hüseynbəyli və Canalı kəndlərində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Bütün abonentlər yandırılan enerjinin və təbii qazın dəyərini ödəyir.

Hüseynbəyli kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam və xidmət səviyyəsi qənaətbəxşdir.

Hüseynbəyli kəndinin Baytar sahəsinə rəhbərlik edən Musayev Azər Fərrux oğlu əhalinin mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasını təmin edir.

2019-cu ildə İcra nümayəndəliyinə 21 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 32 məktub göndərilmişdir. Vətandaşlara 1250 ədəd müxtəlif məzmunlu (yaşayış yeri, ailə tərkibi və s.) arayışlar verilmiş, 15 rəsmi müraciət daxil olmuş, müraciətlərin hamısı müsbət həll edilmişdir. 37 şifahi müraciətə baxılıb nəticələri barədə həmin vətəndaşlara məlumat verilmişdir.

Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmış və statistika idarəsinə hesabat verilmişdir.

Hüseynbəyli və Canalı kənd əhalisinin əsas fəaliyyəti bitkiçilik və heyvandarlıqdır. 2019-cu ildə kənd əhalisi 170 hektarda payızlıq taxıl, 10 hektarda arpa, 300 hektarda yonca, 11 hektarda qarğıdalı, 33 hektarda tərəvəz, 30 hektarda kartof, 83 hektarda üzüm, 4 hektarda tütün becərmişdir. Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkin üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.


Hüseynbəyli kənd İcra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Hüseynbəyli-Canalı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.

01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 2015 baş iribuynuzlu mal-qara, 5950 baş xırdabuynuzlu qoyun-keçi, 5863 baş ev quşu qeydiyyata alınmışdır.

Kənd ağsaqqallarından Əsəd Mahmudov, Novruz Alcanov, Musa Musayev, Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova və başqaları çıxış edərək kənddə görülmüş işlərdən danışaraq Prezident İlham Əliyevə, Rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər Hüseynbəyli kəndində 1 ədəd subartezian quyusunun qazılmasını, təsərrüfat arxlarının beton üzlüklərə alınmasını, Hüseynbəyli kənd tam orta məktəbin istilik sisteminin yenilənməsini qeyd ediblər. Sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib.


Qazax Rayon İcra Hakimyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin başçılığı ilə Qazaxda həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Yola saldığımız 2019-cu ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən danışan müavin ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsini, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ı, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu yola saldığımız ilin uğurları kimi qeyd edib. İşsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərin əyani sübutu kimi "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını göstərib.  Rayonda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisini, su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərini 2019-cu ilin uğurlu layihələri olaraq qeyd edib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan müavin bu gün rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Hüseynbəyli kəndində də bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

2019-cu ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən G.Həsənova 2020-ci ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.





GOYEZEN.AZ


Geri qayıt