Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib

Qazaxda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib


24-12-2019, 23:29


Bildiyiniz kimi, 2020-ci ildən etibarən ölkəmizdə 20 regionda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə icbari tibbi sığortanın ilkin mərhələsi tətbiq olunacaq. Bu məqsədlə cari ilin noyabr və dekabr ayları ərzində maarifləndirilmə tədbirləri təşkil olunub.

Bu gün Qazaxda da növbəti maarifləndirici tədbir keçirilib. Qazax Gənclər Mərkəzində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzə nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək Agentliyin əməkdaşını salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Son illər dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışan müavin "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il ölkəmizdə fevralın 12-dən may ayının 12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyasını əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən davamlı tədbirlər kimi göstərib.

 

G.Həsənova Azərbaycanda səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edib. Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə ölkə başçısı İlham Əliyevin 29 noyabr 2016-cı il tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq həyata keçirilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqına” ölkə başçısının 20 dekabr 2018-ci il tarixli Fərmanını və həmin Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində verilən tapşırıqların bu gün də uğurla icra olunduğunu bildirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) yaradılmasını bu sahədə görülən işlər kimi nümunə göstərib. Aprel ayından Qazaxda başlanılacaq icbari tibbi sığorta haqqında ətraflı məlumatlanmaq üçün bugünkü tədbirin olduqca böyük əhəmiyyət daşıdığını bildirib.

 

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs-baş direktor Sevda Məmmədova çıxış edərək ölkə başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olan tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə icbari tibbi sığortanın ölkəmizdə tətbiqini yüksək qiymətləndirdiyini qeyd edib. 2020-ci ilin aprelindən Qazaxda tətbiq olunacaq icbari tibbi sığortanın vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunmasında böyük töhfə verəcəyini söyləyib.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin təşkilində göstərdiyi köməyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sonra icbari tibbi sığortanın mahiyyətini özündə əks etdirən dolğun məlumatlar çatdırıb. E.Ababsov icbari tibbi sığortanın əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistem olduğunu, bu sistemin sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin etdiyini qeyd edib. Vurğulayıb ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etmək, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdır.

Mərhələli şəkildə tətbiq olunacaq icbari tibbi sığortanın əhatə etdiyi bölgələrdən söz açan natiq 4 rüb üzrə olmaqla bütün bölgələri əhatə edəcəyini bildirib. Birinci rübü Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir şəhər və rayonlarının əhatə etdiyini qeyd edib.

İkinci rübdə isə Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Naftalan, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Qubadlı Zəngilan şəhər və rayonlarında tətbiq olunacağını diqqətə çatdırıb.

Üçüncü rübdə Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad, dördüncü rübdə isə Bakı, Sumqayıt, Abşeron şəhər və rayonlarında həyata keçiriləcəyini bildirib.

Daha sonra E.Abbasov icbari tibbi sığorta haqları, xidmətlər zərfi, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, stasionar müalicə üçün qəbul qaydaları, stasionar müayinə–müalicə, ambulator xidmət təminatı, ilkin səhiyyə xidməti üzrə təminat, ailə həkiminə müraciət, tibbi ərazi bölmələrinin siyahısı haqqında ətraflı və izahlı məlumatlar çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.







GOYEZEN.AZ


Geri qayıt