Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyətinə dair müşavirə

Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyətinə dair müşavirə


8-09-2019, 12:00

Respublika mətbuatı Qazax haqqında


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə dair həmin sahədə çalışan işçilərin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən müşavirədə Qazax RİHB Aparatının məsul şəxsləri, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edib
lər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq qeyd edib ki, bu gün təhsil sahəsindən sonra dövlət büdcəsindən maliyyələşən ikinci bir sahə var ki, o da mədəniyyət sahəsidir. Təhsil kimi, mədəniyyət sahəsi, bu sahədə çalışan işçilər də daim dövlət qayğısı ilə əhatə olunurlar. Rayon rəhbəri bildirib ki, istər ötən ilin sonları, istərsə də bu ilin ilk 6 ayında dövlət başçısı tərəfindən imzalanan çoxsaylı Fərman və Sərəncamlar bir daha sübut etdi ki, dövlət hər zaman öz vətəndaşının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə məqsədyönlü addımlar atır. Ən son iyunun 18-də imzalanan mühüm Sərəncam istər təhsil, istər səhiyyə, istərsə mədəniyyət, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının sentyabrın 1-dən artırılmasına xidmət etdi. Bu, bütün sahələrdə çalışan insanların maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Geniş müzakirələrlə keçən müşavirədə ötən il və cari ilin 8 ayında keçirilən mədəni-kütləvi tədbirlərdən də danışılıb. "Ötən il 58, bu il isə 79 mədəni-kütləvi tədbir keçirilib”, - deyən rayon rəhbəri hər bir tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda bütün sahələr üzrə keçirilən tədbirlər təkcə say artırmaq məqsədilə keçirilmir, eyni zamanda hər bir tədbirin keyfiyyətinə üstünlük verilir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək bugünkü müşavirənin keçirilməsini yüksək qiymətləndirib və buna görə mədəniyyət işçiləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sonra idarə rəisi cari ilin 8 ayında regional olaraq, eləcə də Qazax rayon nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. Şairlərin, Xalq yazıçılarının, sənət adamlarının yubiley tədbirlərinin keçirildiyini, bütün dövlət bayramlarının, tarixi günlərin qeyd olunduğunu, N saylı hərbi hissələrdə bayram konsertlərinin təşkil edildiyini qeyd edib. İdarə rəisi görülən işlərlə yanaşı mövcud çatışmazlıqlardan, haqlı olaraq bildirilən iradlardan da söz açıb. Qeyd olunan bütün iradların haqlı olaraq söylənildiyini vurğulayıb və həmin iradlardan nəticə çıxaracaqlarını bildirib.

Müşavirədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin məsləhətçisi Pəri Məmmədova və başqaları çıxış edərək ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq digər sahələrə olduğu kimi mədəniyyət sahəsinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

8 sentyabr 2019-cu il



Geri qayıt