Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalı sahiblərinə təqdim olunub

Qazaxda "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalı sahiblərinə təqdim olunub


22-07-2019, 20:30

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da layiq görülənlər olub. Qeyd edək ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Medalla təltif olunanlar arasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev də var.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində medalların təqdim olunma mərasimi keçirilib. Mərasimdə İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. İstər özünə, istərsə də digər yoldaşlara yubiley medalının verilməsini qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndirib.

İcra başçısı ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən də söz açıb. Qeyd edib ki, 14 iyul tarixindən bir həftə keçməsinə baxmayaraq bu gün də Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və xidmətləri haqqında geniş məlumat verilir. Rayon rəhbəri vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbəri kimi fəaliyyətə başlaması xalqmızın yaddaşında hər zaman dərin hörmətlə anılır və bundan sonra da anılacaqdır. Çünki həmin tarixdən bizi ayıran ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil dövlətçiliyinin rəmzidir.

Sonra icra başçısı Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Qeyd edib ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşub. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə respublika səviyyəsində qeyd olunması, 2018-ci ilin Azərbaycanda "Cümhuriyyət ili” elan olunması və bunun kimi silsilə tədbirlərin keçirilməsi bir daha sübut etdi ki, doğrudan da Azərbaycan dövləti Cümhuriyyətin varisi olduğunu atdığı bütün addımlarla sübut edir. 

Rayon rəhbəri vurğulayıb ki, ulu öndərin dediyi kimi "Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı və xalqımız növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda ulu öndər xalqımızı bu bəladan xilas etdi. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. İcra başçısı Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırdığını və ölkəmizin bütün dünyada güclü dövlət kimi tanındığını diqqətə çatdırıb.

Bu gün Respublika Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin, o cümlədən də bölgələrimizin ildən-ilə inkişaf etdiyini qeyd edən rayon rəhbəri həmin rayonlar arasında Qazaxın da öncül yerlərdə dayandığını bildirib. Qazaxda bütün sahələrin – elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, kənd təsərrüfatının və eləcə də digər sahələrin artan templə inkişaf etdiyini, rayonda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını qeyd edib. Rayon rəhbəri bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə bütün sahələri əhatə edən məsələlərin öz əksini tapması rayonun növbəti 5 ildə də uğurla inkişaf etməsi deməkdir. Qeyd edib ki, xüsusilə də həmin Dövlət Proqramına 11 məktəb binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsinin göstəricisidir. Qazaxda həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən daha bir qiymətdir. İcra başçısı bütün qazaxlı ziyalılar adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığını çatdıraraq Fondun atdığı bu addımı yüksək qiymətləndirib.

Daha sonra rayon rəhbəri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını sahiblərinə təqdim edib. Yubiley medalına layiq görülən Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. İdman və mədəniyyət sahəsinə olan diqqət və qayğının məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdən başlandığını bildiriblər. Bu gün də onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Cümhuriyyət medalının onlara verilməsini bütün qazaxlı ziyalılara verilən qiymət kimi dəyərləndiriblər. Rayon rəhbərliyinə onlara göstərilən səmimi münasibətə görə təşəkkürlərini çatdırıblar.

Tədbirdə daha bir medal isə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Həsənova Gulaya Ziyad qızına təqdim edilib. O, Dövlət qulluqçularının təltif edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Rayon rəhbəri medalı təqdim edib və təbriklərini çatdırıb. Müavin Gulaya Həsənova da çıxış edərək ilk öncə rayon rəhbərini "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülməsi münasibətilə bütün rayon ictimaiyyəti, ziyalıları adından səmimi qəlbdən təbrik edib. Ölkə başçısı tərəfindən göstərilən bu diqqət və qayğını son 3 ildə rayon rəhbərinin Qazaxda həyata keçirdiyi genişmiqyaslı işlərin mükafatı kimi qiymətləndirib. Eyni zamanda qazaxlıların ünvanına atılan daha bir yüksək addım kimi dəyərləndirib. Fəaliyyətinə verilən qiymətə, "Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsinə görə öz adından və ailəsi adından ölkə başçısına bir daha sonsuz təşəkkürünü çatdırıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq medal sahiblərini bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.




GOYEZEN.AZ


Geri qayıt