Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi keçirilmişdir

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi keçirilmişdir


29-06-2019, 11:53

Respublika mətbuatı Qazax haqqında


Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi doğulub boya-başa çatdığı Qazax rayonunda təntənə ilə qeyd edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkına gələrək Xalq şairinin büstünün açılışını etmişlər. Sonra yubiley tədbiri Yuxarı Salahlı kəndindəki Səməd Vurğun Poeziya Evində davam etdirilmişdir. Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Səməd Vurğunun Poeziya Evindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra söz qonaqlara verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza, "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Yuxarı Salahlı kənd orta məktəbinin müəllimləri dahi şair Səməd Vurğunun və Vaqif Səmədoğlunun həyat və yaradıcılığına nəzər salmışlar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirini əsl poeziya bayramı adlandıraraq qonaqları və rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Qazax torpağı yüzlərlə şair və yazıçı yetirmişdir. Bu gün hər bir qazaxlı fəxr edir ki, bu torpaq Azərbaycan ədəbiyyatına Səməd Vurğun, onun övladları olan Vaqif və Yusif kimi istedadlı oğullar bəxş etmişdir.

Bu günün tarixi bir əhəmiyyət daşıdığını vurğulayan rayon icra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Bildirilmişdir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ziyalılarımıza, o cümlədən Vəkilovlar ailəsinə qayğı göstərilir. Ölkə rəhbərinin Vaqif Səmədoğlunun 80 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam, eləcə də Heydər Əliyev Fondu tərəfindən Qazaxdakı ziyalılar parkında büstünün qoyulması sübut etdi ki, dövlətimizin, ölkə rəhbərinin bu ailəyə olan sevgi və qayğısı bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Vaqif Səmədoğlu yaradıcılığının zənginliyindən, Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli şeirlərdən, Azərbaycanı sözün qüdrəti ilə ən uca zirvələrə qaldırmasından söz açmışdır.

Səməd Vurğunun Ev mMzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova isə çıxışında ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq hissi ilə qarşıladığını bildirmişdir. O, Vaqif Səmədoğlu haqqında ürək sözlərini çatdıraraq xatirələrini danışmışdır.

Yuxarı Salahlı kəndinin ağsaqqalı Abdulla Məmmədov ürək sözlərini söyləyərkən Azərbaycan ədəbiyyatına, ziyalılara verilən yüksək dəyərə görə dövlət başçısı İlham Əliyevə həmyerliləri adından minnətdarlığını bildirmişdir.

Sonra söz Bakıdan dəvət olunmuş aktyorlara verilmişdir. Onlar Vaqif Səmədoğlunun şeirlərindən nümunələr səsləndirmişlər. Məktəblilərin çıxışından sonra aşıqlar Xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

29 iyun 2019-cu il



Geri qayıt