Əsas Səhifə > Manşet / Şəhidlər > Aşağı Əskiparanın işğalından 27 il ötür

Aşağı Əskiparanın işğalından 27 il ötür


14-06-2019, 23:23


Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs AyrımXeyrımlıBarxudarlıSofuluQızılhacılıYuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri bu istiqamətdə görülən əməli işlərdir.  Rayon rəhbərinin hər zaman xüsusi həssaslıqla yanaşdığı sahələrdən biri də düşmən tapdağı altında olan kəndlərimizin işğal günlərinin qeyd olunması, həmin kəndlərdən olan şəhidlərin xatirəsinin yad edilməsidir.

Hər kəsə yaxşı məlumdur ki, müxtəlif illərdə Qazax rayonunun 7 kəndi ermənilər tərəfindən işğal olunmuşdur. 1992-ci ilin iyununda isə iki kənd - 8 iyunda Yuxarı Əskipara kəndi işğal olundu. 14 iyunda işğal edilən sonuncu kənd isə Aşağı Əskipara oldu.
Bu gün həmin acı tarixi gündən 27 il ötür. Məcburi köçkün düşən kənd sakinləri həmin qanlı günləri böyük kədər hissi ilə xatırlayır, dünyasını dəyişənləri ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi Qazaxdakı şəhidlər qəbiristanlığında dəfn olunub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Əskipara kəndinin işğalının 27-ci ildönümü ilə əlaqədar şəhərdəki şəhidlər qəbiristanlığına gələrək işğal zamanı dünyasını dəyişən şəhidlərin qəbirlərini ziyarət edib.

 

İdarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri də şəhid qəbirlərini ziyarət edərək onlara olan sonsuz ehtiramlarını bildiriblər.

Sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad olunub.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu diqqətə çatdırıb. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Son 3 ildə şəhid qəbiristanlıqlarında, xiyabanlarda görülən işlərdən söz açaraq bu işlərin ən bariz nümunəsi kimi şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında 280-dən artıq şəhidimizin şəkli və adı əks olunmuş lövhələrin vurulmasını, abadlıq işlərinin aparılmasını göstərib.


Rayon rəhbəri qeyd edib ki, bu gün Aşağı Əskipara kəndinin işğalından 27 il ötməsinə baxmayaraq kənd sakinlərinin, eləcə də qazaxlıların həmin ağrı-acı dolu günləri unutmadıqlarını, işğal gününü hər il qeyd etdiklərini bildirib. Bu gün bu qəbiristanlıqda uyuyan və Aşağı Əskipara kəndindən olan şəhidlərin təkcə həmin kəndin şəhidləri deyil, bütün Qazaxın şəhidi olduğunu qeyd edib.

Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən ordumuzun qüdrətindən söz açan rayon rəhbəri son illər hərbi sahədə qazandığımız uğurlardan da danışıb. Azərbaycanın hərb tarixinə "Aprel zəfəri” kimi yazılan 5 günlük döyüşdən söhbət açıb. Həmin döyüşlər zamanı düşmənin necə sarsılmasından, xeyli sayda itkilər verməsindən, ən əsası da bu gün belə necə vahiməyə düşməsindən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri təkcə Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərmədi, eyni zamanda, igid və mərd oğullarımızın da olduğunu nümayiş etdirdi. Düşmən gördü və anladı ki, Azərbaycanda Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan igid oğulları var, olub və bundan sonra da olacaqdır. İcra başçısı ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində düşmən tapdağı altında olan bir qarış torpağımızın belə düşməndə qalmayacağını, tezliklə işğalda olan rayonlarımızın, eləcə də Qazaxın 7 kəndinin işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.

Sonra Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakinlərindən Tofiq Qasımov, Vaqif Məmmədov söz alaraq kəndin işğalından və ermənilərin kənd sakinlərinə qarşı törətdiyi vəhşiliklərdən danışıblar. Qeyd ediblər ki, 1992-ci il iyunun 13-dən 14-ə keçən gecə işğal olunan Aşağı Əskipara kəndi o kənddir ki, bir gündə 6 şəhid verdi. Bu gün Aşağı Əskiparanın 14 şəhidi var ki, onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adını alıb, 2 nəfəri ordenlə təltif olunub.
Çıxış edən kənd sakinləri şəhidlər qəbiristanlığının yenidən qurulmasına və şəhid ailələrinə verilən dəyərə, göstərilən diqqətə, qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün Aşağı Əskiparanın işğalı günündə təşkil olunan tədbiri yüksək qiymətləndiriblər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal keçirilən bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində, öz torpağına, elinə-obasına bağlı böyüməsində böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Sonra Aşağı Əskipara kəndinin müdafiəsində özünəməxsus şücaəti olan şəhid Qaratel Hacımahmudovanın xatirəsinə yazdığı şeiri səsləndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq şəhidlərə, onların ailə üzvlərinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. İşğal altında olan bütün kəndlərimiz kimi, Aşağı Əskipara kəndinin də tez bir zamanda işğaldan azad olunmasını arzu edib və o günün uzaqda olmadığını söyləyib.







GOYEZEN.AZ


Geri qayıt