Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazax xəbərləri

Qazax xəbərləri


9-06-2019, 09:21

Respublika mətbuatı Qazax haqqında


Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Əbədiyyat Muzeyində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yazarlar, aşıqlar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan etdikdən sonra Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Sonra şair Barat Vüsal görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələr barədə məlumat verib. B.Vüsal bildirib ki, istər Qazax Müəllimlər Seminariyasının, istər Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd olunması barədə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, istərsə də bu gün 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğluna verilən qiymət bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyevin poeziyamıza verdiyi dəyərdən danışan şair bu gün onun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı və görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Rayon rəhbəri Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. Bütün ictimaiyyət nümayəndələri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını çatdırıb.                                                  
Tədbirdə Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü Kamal Əhmədov, Qazax  Dövlət  Dram Teatrının aktyorlarından Əməkdar artist Hacı Hacıyev, teatrın rejissoru, Əməkdar artist Musa Eyyubov və aktyor Yusif  Qoca, şairlərdən AYB-nin üzvləri, Prezident mükafatçıları Mübariz Qaragözlü, Səhlədar Hidayətoğlu və Rüfət  Axundlu, AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şairə Tamella Poladlı, Ağstafa rayonundan qonaq olan "Hüseyn Arif” ədəbi məclisinin rəhbəri, şair Saqif Qaratorpaq, gənc şairə Şahinə Könül məzmunlu çıxış ediblər.

Xeyriyyə aksiyası

Ramazan ayı çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində şəhid ailələri, Qarabağ əlilləri və aztəminatlı ailələrin övladlarının xeyriyyə-sünnət aksiyası təşkil olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin cərrahı Binyamin Abbasəliyevin təşəbbüsü ilə hər il ənənəvi olaraq keçirilən və 15 gün davam edən tibbi aksiyaya 3 həkim-cərrah, 3 reanimatoloq, 1 həkim-laborant, eləcə də şöbənin bütün həkimləri və tibbi personalı cəlb edilib.

Xeyriyyə aksiyası münasibətilə tədbir təşkil olunub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri, məktəb direktorları, ağsaqqallar, ziyalılar,  Qarabağ əlilləri və şəhid ailələri, sünnət olunacaq uşaqlar və onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri başda olmaqla bütün Azərbaycan xalqını, rayon sakinlərini və tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Rayon rəhbəri Qazaxda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinin də inkişaf etdiyini diqqətə çatdırıb. Respublika Prezidenti İlham Əliyevin bölgələrdə səhiyyə sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi kimi rayonda inşa olunan 145 çarpayılıq mərkəzi xəstəxananın tikintisini göstərib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Bu cür aksiyaların təşkil olunmasını onlara göstərilən qayğıya bir töhfə olduğunu qeyd edib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

9 iyun 2019-cu il



Geri qayıt