Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Kəmərlidə sakinlərlə səyyar görüş keçirilib

Sərhəd kəndi Kəmərlidə sakinlərlə səyyar görüş keçirilib


7-06-2019, 23:03

Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında bir isti münasibət, bir doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısını öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Kəmərli kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır.

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüşlərdən biri bu gün rayonun sərhəd kəndi olan Kəmərlidə keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də respublikamızda, Qazaxda, eləcə də rayonun kəndlərində qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Həmçinin ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətin mərkəzində vətəndaş mövqeyinin dayanması, onun verdiyi tapşırıq və tövsiyələr bir daha vurğulanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı əvvəlki görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki mövcud vəziyyəti öyrənmək, həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

İcra başçısı respublikamızın bütün bölgələrində olduğu kimi, son 3 ildə Qazaxda da genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu nəticələrin əldə olunduğunu bildirib. Rayon rəhbəri bu illər ərzində rayonumuzda bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələrin əldə edildiyini bildirib. Ölkəmizdə fəaliyyət göstərən 40-dan çox dövlətin fövqəladə və səlahiyyətli səfirləri rayonumuzda olan zaman son illər rayonda olan inkişafı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.


Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi qeyd edib.

Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. O cümlədən də həmin məktəblərdən birinin məhz Kəmərli kənd tam orta məktəbi olduğunu vurğulayıb.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma minnətdarlığını ifadə edib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyinin də qeyd olunduğunu vurğulayıb. 

İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Rayon rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilməsini qeyd edərək bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini bu dediklərimizin əyani sübutu kimi dəyərləndirib. Qeyd edib ki, bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.

İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini də diqqətə çatdırıb.

"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı Qazaxda da vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.

Rayon rəhbəri ötən ilin axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal olaraq əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılmasını, eyni zamanda, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini, problemli kreditlərin həll olunması və bunun kimi onlarla işləri göstərib. İcra başçısı bütün bu işlərin təməlində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda əldə olunan gəlirlərin, artımların dayandığını qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Qeyd edib ki, mavi yanacağın limitinin 1700 kubmetrdən 2200 kubmetrə çatdırılması əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Kəmərli kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib.

İcra başçısı bildirib ki, 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi fikirləri bir daha diqqətə çatdırıb. Bildirib ki, dövlət hər zaman öz vətəndaşının, xalqının yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Odur ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.

Kənd sakinlərindən Rəhim Rəhimov, Niyaz Məmmədov, Nədimi Orucov, Məhəmməd Qaragözov, Güllüzar Süleymanova, Hümbət Mollayev, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova da dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib, onlara göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər.

Sakinlər rayonda onlara göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdıra bilirik. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə subartezian quyusunun qazılması, SİP kabelləşmə işinin aparılması, kəndarası yolun cari təmir olunması, məktəbin istilik sisteminin yenilənməsi, çöl torpaqlarının suvarma suyu ilə təmin olunması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki, onlara göstərilən diqqət və qayğı bundan sonra da belə olacaqdır.

 





GOYEZEN.AZ


Geri qayıt