Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib


4-06-2019, 23:15


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Əbədiyyat Muzeyində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yazarlar, aşıqlar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

 

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan etdikdən sonra Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Sonra şair Barat Vüsal görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan Vaqif Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. O, qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı kimi Vaqif Səmədoğlunun daima yaşayacaq və anılacaq ədiblərdən olduğunu qeyd edib. B.Vüsal bildirib ki, istər Qazax Müəllimlər Seminariyasının, istər Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd olunması barədə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, istərsə də bu gün 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğluna verilən qiymət bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyevin poeziyamıza verdiyi dəyərdən danışan şair bu gün onun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan poeziyasının yaşadılmasında həyata keçirdiyi misilsiz işlərə görə ölkə başçısına qazaxlı ziyalılar adından minnətdarlığını bildirib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı və görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Rayon rəhbəri Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. Bütün ictimaiyyət nümayəndələri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, bu addımın atılması bir daha onu sübut etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə, yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir.                       

 

Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü Kamal Əhmədov çıxış edərək Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, xüsusilə də qazaxlı ziyalılara verdiyi yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Qazaxda bütün yubiley tədbirlərinin, o cümlədən də Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını minnətdarlıq hissi ilə qarşıladığını bildirib.

Qazax  Dövlət Dram Teatrının aktyorlarından Əməkdar artist Hacı Hacıyev, teatrın rejissoru, Əməkdar artist Musa Eyyubov və aktyor Yusif  Qoca yubilyar haqqında ürək sözlərini çatdırıb, şairin şeirlərini səsləndiriblər.

Şairlərdən AYB-nin üzvləri, Prezident mükafatçıları Mübariz Qaragözlü, Səhlədar Hidayətoğlu və Rüfət  Axundlu, AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şairə Tamella Poladlı, Ağstafa rayonundan qonaq olan "Hüseyn Arif” ədəbi məclisinin rəhbəri, şair Saqif Qaratorpaq, gənc şairə Şahinə Könül çıxış edərək Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, görkəmli şairə həsr etdikləri şeirləri səsləndiriblər. Çıxış edənlər Vaqif Səmədoğlunun istər yazdığı şeirlərdə, istər pyeslərdə, istərsə də həmin əsərlərə çəkilən filmlərdə qeyri-adi şair olduğunu sözünün qüdrəti ilə göstərdiyini qeyd ediblər. Şairin cismən bizləri tərk etsə də, yazdığı bir-birindən gözəl əsərlərdə yaşadığını, daim qəlblərdə oldğunu bildiriblər. Onun yazmış olduğu əsərləri ilə həm özünü, həm də sözün böyüklüyünü yüksəklərə qaldırdığını vurğulayıblar.

Aşıqlardan Camoy Qurbanov, Hacı Abdıyev, Yaşar Gülümcanov, Şahin Süleymanov ifa etdikləri saz havaları ilə yubiley tərdbirinə öz töhfələrini veriblər. Tədbirdə Xalq şairi Səməd Vurğunun şeirlərindən nümunələr də səsləndirilib.   

Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri olan yeniyetmə aşıqlar da Xalq şairinin şeirlərini söyləyib, saz havaları ilə təbrik töhfələrini təqdim ediblər.  

Tədbir Qazax  Dövlət  Dram Teatrının aktyorlarının ifasında Xalq şairinin şeirlərinin səslənməsi ilə başa çatıb.



















GOYEZEN.AZ


Geri qayıt