Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub

Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub


31-05-2019, 15:49

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Qazaxda daha bir bağça yenidənqurma və əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə verilib. 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açılış mərasimində çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, uşaqları, bütün kənd sakinlərini təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün açılışını etdiyimiz bu yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində əsl bayram hədiyyəsidir.

G.Həsənova bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir.

Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edən müavin bu istiqamətdə görülən məqsədyönlü işlərdən söz açıb. Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamın icrası ilə əlaqədar olaraq rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (Qazaxbəyli kənd uşaq bağçası da daxil olmaqla) artıq 18-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını bildirib. Qeyd edib ki, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı sahəni daim diqqət mərkəzində saxlamasının, uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2  3 saylı, Kosalar kənd 2  3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım  Bala Cəfərli kənd uşaq bağçaları təmirli bağçalar sırasındadır.

Tədbirdə çıxış edən qonaqlardan Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, şəhid ailəsi Sehran Əzizova, valideyn Lamiyə Nəsibova, kənd ağsaqqalı Nəbi Babacanov çıxış edərək qeyd ediblər ki, bu gün sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, o cümlədən də Qazaxda gələcəyimiz olan körpələrə belə diqqət və qayğı göstərilir. Bağçanın əvvəlki vəziyyəti ilə indiki dövrünü müqayisə edən çıxışçılar belə yüksək səviyyədə yaradılan şəraiti gələcəyimiz olan uşaqlarla bağlı atılan ən uğurlu addım kimi qiymətləndiriblər. Vurğulayıblar ki, görülən bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan sonsuz diqqəti və qayğısı dayanır. Buna görə biz qazaxlılar da rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığımızı çatdırırıq.

Yeni istifadəyə verilən Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva çıxış edərək qeyd edib ki, bu gün bu sevinc payından təkcə bağça işçilərinə deyil, bütün kənd sakinlərinə pay düşür. Bu sevinci isə bizlərə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyi bəxş edir. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib.

Bağçada tərbiyə alan uşaqlar şeirlərini səsləndirdikdən sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. 

Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 20 yerlik yeni bağçada bir qrup fəaliyyət göstərəcək. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bağça müasir istilik sistemi ilə təmin olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Bundan əlavə, yeni bağça müasir avadanlıqlarla təchiz olunub.


















GOYEZEN.AZ


Geri qayıt