Əsas Səhifə > Manşet / Təhsil > Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti Qazaxda məktəblilərlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti Qazaxda məktəblilərlə görüşüb


30-05-2019, 16:43


Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin 2019/2020-ci tədris ilində peşəyönümü üzrə tam orta məktəb məzunları üçün kənd təsərrüfatının inkişafının, mütəxəssis hazırlığının keyfiyyətinin və mütəxəssislərə dövlət qayğısının yüksəldilməsinin təbliği istiqamətində Qazax rayonu üzrə tam orta məktəblərin məzunları ilə görüşü keçirilib.

Xalq şairi Səməd Vurğunun adını daşıyan Qazax şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, ADAU-nun nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları və məzunları iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və bugünkü görüşün məqsədi barədə məlumat verib. Əvvəlcə aqrar sahənin inkişaf etdirilməsi və yüksək ixtisaslı peşəkar kadrların hazırlanması məqsədilə belə bir görüşün təşkilinə görə universitetin rəhbərliyinə rayon ziyalıları adından minnətdarlığını bildirib. Ölkə iqtisadiyyatının, eləcə də aqrar sahənin inkişafı istiqamətində təbliğat xarakterli bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. İcra başçısı son illər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanda neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da inkişaf etdiyini bildirib. Qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdiyini diqqətə çatdırıb. Rayon rəhbəri ölkə başçısının qayğısı sayəsində respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda aqrar sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görüldüyünü bildirib. Bu gün Qazaxda iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən icra başçısı buna misal olaraq Qazax Sement Zavodunu, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod zavodunu, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, "Saloğlu” fərdi mebel firmasını,"Azrosprominvest” MMC-ni nümunə göstərib. Rayon rəhbəri Qazaxda sənaye sahəsi ilə yanaşı aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişafı ilə bağlı təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. 2016-cı ilin 19 oktyabrında ölkə başçısının iştirakı ilə istifadəyə verilən "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nı, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən yaradılan Aqroparkı bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib. Rayon rəhbəri bildirib ki, Qazaxda aqrar sahənin inkişafını son 3 ildə əkin sahələrinin ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Əgər 2016-cı ildə 16 min idisə, bu gün 22 mindən çox sahəni əhatə edir. İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafı ilə bağlı görülməsi nəzərdə tutulan işlər üçün xüsusi bəndin salındığını da qeyd edib.

 

Rayon rəhbəri gündən-günə inkişaf edən Azərbaycanda yüksək ixtisaslı, peşəkar kadrlara da böyük ehtiyac olduğunu bildirib. Bunun üçün dövlət və dövlət başçısı tərəfindən məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün yaradılan şəraitin, geniş imkanların yüksək ixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində atılan uğurlu addımın bariz nümunəsi olduğunu qeyd edib. Gələcəkdə tələbə adını qazanacaq məzunlara onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

 

Sonra Azərbaycan Dövlət Aqrar Universitetində yaradılan şəraiti, tədris prosesini, tələbələrin universitet haqqında fikirlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

 

ADAU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə universitetin professor-müəllim heyəti adından minnətdarlığını bildirib. Universitet haqqında ətraflı məlumat verən rektor Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə fəaliyyət göstərdiyi bir binada fəaliyyət göstərdiklərini qeyd edib. Bu gün hər bir universitet tələbəsinin bu tarixi əhəmiyyətli binada təhsil almaları ilə fəxr etdiyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafı ilə bağlı görülən işlərin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı görülən işləri ADAU-da yaradılan şəraitin timsalında aydın şəkildə görmək olar. Yüksək ixtisaslı peşəkar kadrların hazırlanması üçün bu gün universitetdə təhsil alan tələbələr üçün hər cür şərait yaradıldığını qeyd edib. Yataqxanaların olmasını və orada olan şəraiti xüsusi vurğulayıb. Rektor bildirib ki, bu gün universitetdə tələbələr üçün yaradılan yüksək şəraitin, geniş imkanın, mövcud olan şəffaflığın nəticəsidir ki, xarici ölkələrdən olan onlarla tələbə məhz ADAU-da təhsil almağı seçir. Universitetdə tədrisin Azərbaycan dili ilə yanaşı rus, ingilis dillərində aparılması tələbələrə xarici ölkələrdə təhsilini davam etdirmək, hətta işləmək imkanı belə yaradır. Rektor bu il ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adı uğrunda mübarizə aparan hər bir məktəbliyə uğur arzulayıb və ADAU-da gənclər üçün yaradılan geniş imkanlardan, öz gələcəklərini parlaq şəkildə qurmaq şansından səmərəli olaraq bəhrələnməyi tövsiyə edib.

 

ADAU-nun Tələbə qəbulu üzrə məsul katibi, dossent Telman Musayev çıxışı zamanı universitetin intibah dövrünü yaşadığını bildirib. Universitetə qəbul olan tələbələrin sayının ildən-ilə artdığını qeyd edən T.Musayev 2018-2019-cu tədris ilində 83 nəfərin 400-dən, 21 nəfərin 500-dən, 2 nəfərin isə 600-dən yuxarı bal toplayaraq ADAU-ya daxil olduğunu qeyd edib. Universitetdə təhsilin kəmiyyət göstəricisi ilə yanaşı keyfiyyətinə də üstünlük verildiyini vurğulayıb. Universitetə qəbul olan tələbələrin arasında Qazax rayonundan olan məzunların üstünlük təşkil etdiyini diqqətə çatdırıb.


ADAU-nun Azad həmkarlar ittifaqı təşkilatının sədri, Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş, dossent Vüsal Orucov da universitet haqqında fikirlərini bölüşüb. Natiq çıxışında qeyd edib ki, bu gün ölkə Prezdentinin təhsil sahəsinə, xüsusilə də biz gənclərə olan diqqət və qayğısını ADAU-nun timsalında real şəkildə görürük. Odur ki, gələcəkdə tələbə adını qazanmaq istəyən hər bir gənc bizim universitetlə öz arzusuna çata bilər. Çünki bunun üçün universitetdə hər cür imkan yaradılır.

ADAU-nun Aqronomluq fakültəsinin III kurs tələbəsi Pərvanə Ələkbərova, Baytarlıq təbabəti və zoomühəndis fakültəsinin I kurs tələbəsi, Qazax şəhər 3 saylı tam orta məktəbin məzunu olmuş Selcan Hacıkərimli, Aqrotexnologiya fakültəsinin III kurs tələbəsi, Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş Vidadi Nuruyev də çıxış edərək ADAU-da təhsil aldıqları üçün fəxr etdiklərini bildiriblər. Onlar üçün yaradılan şəraitə, geniş imkana görə ölkə başçısı İlham Əliyevə, universitetin rektoru İbrahim Cəfərova tələbə yoldaşlarının və öz adlarından bir daha dərin minnətdarlıqlarını bildiriblər. Bu il tələbə adını qazanacaq abituriyentlərə əsl tələbə həyatı yaşamaq üçün ADAU-nu seçmələrini tövsiyə ediblər. Universitetin geniş imkanlarından yararlanacaq tələbələrdən məhz onlardan birinin olmasını arzu ediblər. Ən əsası isə Azərbaycan adlı müstəqil bir dövlətin vətəndaşı olduqları ilə fəxr etmələrini bildiriblər. Gələcəkdə təhsil alacaqları universitetlərin adını hər zaman yüksəkdə tutmalarını qeyd edərək hər kəsə uğurlar arzulayıblar.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova ADAU-nun təşkil etdiyi bugünkü görüşün məktəblilər üçün yaddaqalan olduğunu vurğulayıblar. Univesitetin professor-müəllim heyətinə, tələbələrinə daha yüksək nailiyyətlər qazanmalarını arzu ediblər. Azərbaycanda belə bir universitetin olmasını ölkə təhsilinin uğuru kimi dəyərləndiriblər.

Görüşdə məktəbliləri maraqlandıran suallar da cavablandırılıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ADAU-nun rektoru İbrahim Cəfərova və universitetin rəhbərliyinə bu gün təşkil olunan məhsuldar görüşə görə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib və gələcək işlərində yüksək müvəffəqiyyətlər qazanmalarını arzulayıb.











GOYEZEN.AZ


Geri qayıt