Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmirdən sonra açılışı olub

Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmirdən sonra açılışı olub


21-05-2019, 23:53

Azadlıq küçəsi 107 saylı bina

Ölkə Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, son 3 ildə abadlıq və quruculuq işləri geniş vüsət alıb. Rayonda inşa olunan sosial obyektlər, uşaq bağçalarının, məktəblərin tikintisi və yaxud da əsaslı təmir olunması, yolların çəkilməsi, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri bunu söyləməyə əsas verir.

Böyük bir tikinti meydançasını xatırladan, ən əsası da günü-gündən abadlaşan Qazax rayonunda görülən işlərin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkə başçısının imzaladığı çoxsaylı Sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Bu, vətəndaşlara göstərilən diqqət və qayğının əyani göstəricisidir. Bundan əlavə, yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.

Sevindirici haldır ki, bu istiqamətdə görülən işlərə bu il də böyük sürətlə start verilib. Məlumat verdiyimiz kimi, şəhərdə Azadlıq küçəsində yerləşən 107 saylı və Heydər Əliyev prospektində yerləşən 175 saylı çoxmənzilli yaşayış binaları da əsaslı şəkildə təmir olunurdu. Bir neçə aydır ki, təmir olunan binalarda işlər tam başa çatıb.

Bu gün 5 mərtəbədən, 4 blokdan, 50 mənzildən ibarət Azadlıq küçəsində yerləşən 107 saylı və Heydər Əliyev prospektində yerləşən 5 mərtəbədən, 4 blokdan və 36 mənzildən ibarət olan həmin yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi olub. Binaların qarşısında keçirilən açılış mərasimlərində binada yaşayan sakinlərlə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər iki yaşayış binasının açılış mərasimində iştirak edib. Binada yaşayan sakinlər və tədbir iştirakçıları rayon rəhbərini alqış sədaları altında böyük hörmət və səmimiyyətlə qarşılayıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər.

Rayon rəhbəri çıxış edərək açılış mərasimi münasibətilə bina sakinlərini səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bu gün dövlətimiz və dövlət başçısı tərəfindən nəinki əhalinin sosial rifah halının yaxşılaşdırılması, eyni zamanda da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Ötən ilin sonları, bu ilin ilk 3 ayında ölkə vətəndaşlarının rifahı naminə imzalanan çoxsaylı Fərman və Sərəncamlar bunu əyani şəkildə sübut edir. Əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin artırılması, vətəndaşları narahat edən problemli kreditlərin həlli ilə bağlı atılan mühüm addımlar bir daha onu göstərdi ki, ölkədə uğurla yürüdülən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır. Bütün bunlarla yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər də bu siyasətin əsas tərkib hissəsidir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən, istifadəyə verilən sosial obyektlərdən, eləcə də yeni iş yerlərinin yaradılmasından, kənd təsərrüfatının inkişaf etməsindən, tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açan rayon rəhbəri görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.

"Hər bir məmur çalışmalıdır ki, zamanı düzgün dəyərləndirərək həmişə xalqın, vətəndaşların yanında olsun”, - deyən icra başçısı sakinlərə göstərilən diqqət və qayğının son 3 ildə olduğu kimi, yenə də eyni qaydada göstəriləcəyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sakinlərlə olan görüşlərindən, onlara göstərdikləri səmimi münasibətdən söhbət açan rayon rəhbəri Azərbaycanda vətəndaş amilinin hər zaman ön planda olduğunu bildirib.

Azadlıq küçəsi 107 saylı binada yaşayan sakinlərdən Mübariz Abdullayev, Əhməd Fərruxov, Heydər Əliyev prospekti 175 saylı binada yaşayan sakinlərdən Xudaverdi Yadigarov, Qrafilə Yadigarova, Kifayət Hacıyeva, Sara Qocayeva, Hüseyn Alıyev və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamların rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, sizin hər görüşdə biz sakinlərin qayğıları ilə yaxından maraqlanmağınız, qaldırılan hər bir məsələyə operativ şəkildə münasibət bildirməyiniz bizi çox sevindirir və dövlətə, dövlət başçısına olan inamımızı daha da artırır. Biz sakinlər 3 ildir ki, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda yüksəkdə tutulmasının şahidi oluruq. Təmir başlayan ilk gündən mütəmadi olaraq binada görülən işlərlə yaxından tanış olmağınız, hər dəfə gəlişiniz zamanı qayğılarımızla maraqlanmağınız biz vətəndaşlara olan qayğının əyani təzahürüdür.

Məlumat üçün bildirək ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların giriş hissəsində olan çardaqlar yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Binaların həyətində yeni işıqlanma sistemi çəkilib. Həmçinin, Azadlıq küçəsində yerləşən 107 saylı binanın zirzəmisində təmizlik işləri aparılaraq dərmanlanıb, zirzəmidə olan köhnə su xətti də dəyişdirilib. Binalarla yanaşı, yaxınlıqda yerləşən həyət evlərinin hasarları da suvanaraq rənglənib. 

Azadlıq küçəsi 107 saylı bina








Heydər Əliyev prospekti 175 saylı bina










GOYEZEN.AZ

Geri qayıt