Əsas Səhifə > Manşet / Rəsmi > "DOST İş Mərkəzi" MMC vətəndaşların işlə təminatı sahəsində böyük əhəmiyyət kəsb edir

"DOST İş Mərkəzi" MMC vətəndaşların işlə təminatı sahəsində böyük əhəmiyyət kəsb edir


16-04-2019, 19:30


Bu gün Azərbaycan xalqı və dövləti Azərbaycan Respublikasının memarı, qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti sayəsində uğurla inkişaf edir. Bu uğur və nailiyyətin arxasında isə ölkə başçısı İlham Əliyevin həmin ideyalara sadiqliyi, öz vətəndaşını düşünmək kimi ən ali hissi dayanır. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu layihələr, genişmiqyaslı tədbirlər, imzalanan çoxsaylı fərman və sərəncamlar birbaşa vətəndaş amilinə, vətəndaş mövqeyinə hesablanır. İstər ötən ilin axırları, istərsə də bu ilin əvvəlində imzalanan əhəmiyyətli sərəncamlar, fərmanlar da bir daha onu göstərdi ki, hər bir iş vətəndaşların sosial rifah halıının yaxşılaşdırılmasına, işlə təminatlarının yüksəldilməsinə köklənib. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 9 avqust 2018-ci il tarixli sərəncam bunu bir daha sübut etdi. Daha sonra Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında ölkə Prezidenti 10 dekabr 2018-ci il tarixli fərman imzaladı. Bu gün həmin tarixi fərmanla yaradılmış DOST mərkəzləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.

Sevindirici haldır ki, ölkəmizin regionlarında, şəhər və qəsəbələrində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Qazax rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Qazaxın sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Ölkə başçısının uğurla həyata keçirdiyi məqsədyönlü işlərdən biri də vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlardır. Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrdə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerləri də bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, Qazaxda yaşayan rayon sakinləri də dövlət başçısının onlar üçün yaratmış olduğu imkanlardan bəhrələnə bilirlər. Ötən illərdə olduğu kimi, bu il də rayon sakinləri müvəqqəti iş yerləri ilə təmin olunacaqlar.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri və bu sahədə şəffaflığın təmin olunması məqsədilə yaradılmış komissiyanın üzvləri ilə görüş keçirib. Görüşdə rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə işin təşkilində neqativ hallara yol verilməməsi, bu sahədə şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən söhbət açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən rayon ərazisində əhalinin məşğulluğunun artrılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə görə ölkə başçısına rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. Administrasiya nümayəndəsinə daim Qazaxla maraqlandığına, mütəmadi olaraq rayon sakinləri ilə görüşdüyünə görə təşəkkürlərini çatdırıb və bu cür görüşlərin rayon sakinləri ilə dövlət məmuru arasında sanki bir körpü rolunu oynadığını vurğulayıb.

Rayon rəhbəri əhalinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlmiş bu layihənin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük sevinc hissi ilə qarşılandığını qeyd edib. Rayon rəhbəri bildirib ki, 2016-2017-2018 və 2019-cu illəri əhatə etməklə artıq 4 ildir ki, ölkə başçısının tapşırığına əsasən rayonda müvəqqəti iş yerləri ilə bağlı təqdirəlayiq işlər görülür. Ölkədə ehtiyacı olan, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə atılan bu mühüm addım bir daha onu sübut edir ki, ölkə rəhbəri hər bir vətəndaşının yanındadır.

İcra başçısı bu sahədə şəffaflığın təmin olunması ilə əlaqədar 10 aprel 2019-cu il tarixli sərəncama əsasən xüsusi komissiyanın yaradıldığını da bildirib. Qeyd edib ki, komissiyanın yaradılmasında da əsas məqsəd bu sahədə olan şəffaflığı təmin etmək, görülən işləri ölkə rəhbərinin istəyinə uyğun olaraq həyata keçirməkdir.

Sonra müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin yüksək səviyyədə təşkil olunması, nizam-intizam qaydalarına əməl edilməsi, bütün təxirəsalınmaz tədbirlərin görülməsi, ən əsası da şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax Rayon Məşğulluq Mərkəzində  iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilir.

Məlumat üçün bildiririk ki, Qazax rayonu üzrə "DOST – İş Mərkəzi” MMC tərəfindən 420 yeni iş yeri açılmışdır. Hazırda 413 nəfər işlə təmin olunmuşdur. Əmək haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və işçinin sosial müdafiə hüquqları təmin edilir.

Bundan əlavə, "SOCAR” şirkəti tərəfindən 90 boş (vakansiya) iş yerləri rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin vakansiyalar üzrə mərkəz tərəfindən 83 nəfər işsiz vəaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir.

Maraqlanan vətəndaşlar Qazax rayon Məşğulluq  Mərkəzinə müraciət edə bilərlər.


GOYEZEN.AZ


Geri qayıt