Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli binalarda işlər sürətlə davam etdirilir

Çoxmənzilli binalarda işlər sürətlə davam etdirilir


16-04-2019, 21:27

Bu gün tam əminliklə deyə bilərik ki, nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrimiz gündən-günə inkişaf edir. Bunu hər bir şəhər və rayonun simasında aydın şəkildə görmək olur. Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 3 ildir ki, Qazax rayonu da özünün inkişaf dövrünü yaşayır. Rayonda aparılan abadlıq və quruculuq işləri, qazanılan uğur və nailiyyətlər ildən-ilə daha geniş vüsət alır. Sevindirici hal isə odur ki, bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də daim diqqət mərkəzində olan sahədir. Məhz bu qayğının nəticəsidir ki, ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı sərəncamlara əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Hər il olduğu kimi, bu il də binalarda görülən işlərə böyük sürətlə start verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, 127, 171, Azadlıq küçəsi 107 saylı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə dam örtükləri dəyişdirilən, blok və fasadında əsaslı təmir işləri aparılan həmin binalarda olub, görülən işlərlə maraqlanıb.

Ə.Qədirov küçəsində yerləşən 2,3,4 saylı binalarla tanış olan administrasiya nümayəndəsinə məlumat verilib ki, hər üç binanın blokunda suvaq işləri görülüb, elektrik, rabitə xətləri səliqəyə salınıb. Blokların giriş hissəsinə dəmir qapı qoyulub. Bloklardakı pəncərələr yenilənib.

Azadlıq küçəsi 107 saylı bina ilə tanışlıq zamanı qeyd olunub ki, binanın dam örtüyü yenilənib, bütün bloklarda suvaq və astar üzlük vurulması işi tam başa çatıb. Binanın xarici fasadında da suvaq və üzlük vurulub. Yaxın günlərdə rəngləmə işlərinə başlanılacaq. Bundan əlavə, binanın həyətində yerləşən yaşayış evlərinin hasarlarında da suvaq işləri görülüb.

Sonra Heydər Əliyev prospekti 175 və 173 saylı binalara baxış keçirilib. Bildirilib ki, bu binalarda da eyni işlər həyata keçirilib.

Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binanın da dam örtüyü dəyişdirilib. Bloklarda təmir işləri aparılıb. Hazırda xarici fasadda işlərə başlanılıb.

Azadlıq küçəsi 31, 32 və 33 saylı binaların da dam örtükləri yenilənib.

Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini qeyd edən bina sakinləri görülən işləri onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndiriblər.

Ə.Qədirov küçəsi 2,3,4 saylı binalara baxış 







 Azadlıq küçəsi 107 saylı binaya baxış



H.Əliyev prospektindəki 175 saylı binaya baxış





H.Əliyev prospektindəki 173 saylı binaya baxış




Bakı küçəsi 1 saylı binaya baxış




Azadlıq küçəsi 31,32,33 saylı binalara baxış




GOYEZEN.AZ


Geri qayıt