Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş məktəblilərin ekskursiyası təşkil olunub

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş məktəblilərin ekskursiyası təşkil olunub


13-04-2019, 21:14


Bu gün hər kəsə yaxşı məlumdur ki, qazaxlılar əlamətdar bir hadisəni yaşamaqdadır. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamından sonra daha bir sərəncamın sevincini yaşayırlar. Bu ilin 28 yanvarında imzalanmış həmin sərəncam nəinki ədəbiyyatımıza, eləcə də bütün Qazax ziyalılarına verilən böyük dəyərdir. Bəli, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən 28 yanvar 2019-cu il tarixli sərəncamın imzalanması hər bir qazaxlının ürəyincə oldu. Bu sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayan qazaxlılar, eləcə də bütün ictimaiyyət nümayəndələri bir daha şahidi oldular ki, ölkə başçısı, dövlətimiz öz ziyalısına, görkəmli şəxsiyyətlərinə həmişə yüksək dəyər verir və bu, bundan sonra da belə olacaqdır.

Bu gün həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral, 13 mart və 8 aprel 2019-cu il tarixlərində rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bu gün isə tədbirlər planına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş məktəblilərin ekskursiyası təşkil olunub. Ekskursiyada şəhər 1,2,3,4,5 saylı, M.Hüseyn adına məktəb-lisey və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin VIII, IX və X sinif şagirdləri, məktəb direktorları, müəllimlər iştirak ediblər.

Əvvəlcə şəhərin mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parka ekskursiya olunub. Tədbir iştirakçıları Xalq yazıçısının heykəli önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə rəhbərinin Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan sonra İsmayıl Şıxlı ilə bağlı sərəncamın verilməsi bir daha sübut etdi ki, ölkə başçısı qazaxlılara yüksək dəyər verir. Bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz sərəncamı ilə bəxş edib. G.Həsənova vurğulayıb ki, dövlət başçısının imzaladığı sərəncamda da qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Müavin yubiley tədbirinin Qazaxda yüksək səviyyədə qeyd olunması üçün lazımi tədbirlərin görüldüyünü, tədbirlər planının hazırlandığını və bugünkü ekskursiyanın da həmin tədbirlərin tərkib hissəsi  olduğunu diqqətə çatdırıb.

Sonra S.Vurğun adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Növrəstə Haqverdiyeva və Ülkər Hadızadə İsmayıl Şıxlıya həsr olunmuş şeirlər səsləndiriblər.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində olan məktəblilərə "Şəxsiyyətlər” guşəsində monitor vasitəsilə Xalq yazıçısının həyat və yaradıcılığı barədə ətraflı məlumatlar verilib. Muzeyin direktoru Gülnaz Alişanova tarixi şəxsiyyətlərlə, tanınmış insanlarla adı bir sırada çəkilən İsmayıl Şıxlının əziz xatirəsinin hər zaman yad olunduğunu və muzeyə gələn hər kəsə onun haqqında dolğun məlumatlar verildiyini bildirib.  

Ekskursiya çərçivəsində məktəblilər şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək memorial önünə tər qərənfillər düzüblər.

Qazax müəllimlər seminariyası ilə tanışlıq zamanı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal seminariyanın yaranma tarixindən, Azərbaycan təhsilinə verdiyi misilsiz töhfədən söz açıb. Qeyd edib ki, ölkə başçısının seminariyanın 100 illiyi ilə bağlı verdiyi sərəncamda da qeyd olunduğu kimi Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur. Seminariya haqqında ətraflı məlumat alan məktəblilərə görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının da bu seminariyanın yetirməsi olduğu bildirilib.

Fəxri qazaxlılar parkında olan məktəblilər görkəmli şəxsiyyət olan İsmayıl Şıxlının büstü önündə də dayanıb, əziz xatirəsini bir daha ehtiramla anıblar.

Ekskursiyanın sonunda məktəblilər Ədəbiyyat Muzeyində də olublar. Burada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlı üçün ayrılmış lövhə önündə dayanaraq həyat və yaradıcılığına bir daha nəzər salıblar. Məktəblilərə onun əsərləri, romanları, oçerkləri barədə də ətraflı məlumatlar çatdırılıb.

S.Vurğun adına 2 nömərli tam orta məktəbin VI sinif şagirdləri Şahnisə Sarıyeva, Səyalı Süleymanova,  Aysu İsmayılova və Nuray Musalı Xalq yazıçısına həsr olunmuş şeirlər təqdim ediblər.

Daha sonra məktəblilər Ədəbiyyat Muzeyi ilə yaxından tanış olaraq şairlərimizin, yazıçılarımızın həyat və yaradıcılığına da nəzər salıblar.

Ekskursiya barədə fikirlərini bölüşən məktəblilər öncə yubiley tədbirinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə ölkə başçısına qazaxlı məktəblilər adından böyük minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar. Eyni zamanda, yubiley ərəfəsində bu cür ekskursiyanın təşkil olunmasını minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Bildiriblər ki, bu gün biz İsmayıl Şıxlı yaradıcılığına nəzər salarkən bir daha əmin olduq ki, Qazax hər zaman təhsilin, elmin beşiyi olub. Bu gün biz fəxr edirik ki, Azərbaycan ədəbiyyatına İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyət bəxş edən bir yurdun övladlarıyıq. Həm də ona görə fəxr edirik ki, biz məktəblilər İsmayıl Şıxlı əsərlərini oxuyaraq böyüyürük.

Xalq yazıçısının adını daşıyan park 





Qazax Tarix-Diyarşünaslıq Muzeyi



Şəhidlər xiyabanı 




Qazax müəllimlər seminariyası 


Fəxri qazaxlılar parkı 

Ədəbiyyat Muzeyi




 

GOYEZEN.AZ


Geri qayıt