Əsas Səhifə > Manşet / Şəhidlər > Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirilib

Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirilib


2-04-2019, 21:32


Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ən əsası da ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir.

Qazax rayonunda da Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər cür qayğı göstərilir. Onları narahat edən məsələlər, qayğılar rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Rayon rəhbərinin müharibə əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirməsi isə demək olar ki, bir ənənə halını alıb.

Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Məclisin deputatı Ülviyyə Ağayeva ilə birlikdə Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə prezidentinin son aylarda sosial məsələlərin həlli ilə bağlı verdiyi Fərman və Sərəncamlar deməyə əsas verir ki, 2019-cu il Azərbaycanda sosial inqilabi islahatlar ili kimi tarixə düşə bilər.

İcra başçısı qeyd edib ki, Qazaxda da Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbəri kimi fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, şəhidlərin ailə üzvlərinə daim qayğı ilə yanaşım. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi istiqamətində məqsədyönlü işlər görüm. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında əsaslı şəkildə abadlıq işlərinin aparılması, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhələrin vurulması, xiyabanın ətrafında abadlıq işləri görülərək yaşıllıq salınması, yeni işıqlanma sisteminin qurulması şəhidlərimizə verilən ən böyük dəyərdir.

İcra başçısı bildirib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bu, bundan sonra da belə davam edəcəkdir.

Rayon rəhbəri bildirib ki, sizlər istər respublikamızın əksər bölgələrində, istərsə də Qazaxın müdafiəsində öz sağlamlığınızı itirmək bahasına olsa belə torpaqlarımızı qorumusunuz. Bütöv Azərbaycan naminə gördüyünüz işlərdə, atdığınız bütün addımlarda hər zaman dövlətə sadiq insanlar olduğunuzu dəfələrlə sübut etmisiniz. Odur ki, sizlər hər cür diqqət və qayğıya layiqsiniz. Ölkə başçısı tərəfindən Qarabağ müharibəsi əlilləri və veteranları, eləcə də şəhid ailələri ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərdən, uğurlu layihələrdən söz açan icra başçısı onlara olan diqqətin, qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

"Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri adından minnətdarlığını çatdırıb. O, çıxışı zamanı qeyd edib ki, müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatına da ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Prezident müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam da verib. Bütün bunlar isə dövlətin öz vətəndaşına kimliyindən asılı olmayaraq sahib çıxması, qayğı göstərməsi deməkdir. Bu gün biz öz dövlətimizə və dövət başçımıza arxalanaraq onun ətrafında sıx birləşmişik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən tapdağı altında qalan torpaqlarımızı hər an azad etməyə, dövlət başçısının bizlərə olan etimadını hər an doğrultmağa hazırıq və buna qadirik.

N.Alıyev rayon rəhbərliyinin Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərdiyi diqqət və qayğıdan da söz açıb. Bildirib ki, sizin rəhbər kimi fəaliyyətə başladığınız ilk gündən biz qazilər bu qayğını hiss etmişik. Bunu rayonda keçirilən tədbirlərə dəvət almağımızdan, bayramlarda, xüsusi günlərdə yad olunmağımızdan, keçirilən bu cür səmimi görüşlərdən  aydın şəkildə görmək olar.

Dövlət başçısına və rayon rəhbərinə səmimi aruzlarını çatdıran Qarabağ qazisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev fondunun dəstəyi və MEDİCOM Ortez Protez Mərkəzi xəstəxanasının köməyi ilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda ayaqlarını itirmiş qazaxlı döyüşçülərin də protezlə təmin olunacaqlarını qeyd edib. Bununla əlaqədar Bakı şəhərinə yola düşdüklərini və Heydər Əliyev Mərkəzində görüş keçiriləcəyini bildirib. Onlara göstərilən bu diqqət və qayğıya görə ictimai birliyin üzvləri adından bir daha ölkə başçısı İlham Əliyevə, Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Bu cür səmimi görüşə, isti münasibətə görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıb.

II qrup Qarabağ müharibəsi əlili Rəşad Qocayev də çıxış edərək bugünkü görüşün mənəvi cəhətdən əlillərə və veteranlara verilən ən böyük dəstək olduğunu bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb.

GOYEZEN.AZ


Geri qayıt