Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı tibbi müayinə zamanı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

İcra başçısı tibbi müayinə zamanı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


19-03-2019, 20:29

Bildiyiniz kimi, artıq 1 aydan artıqdır ki, Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən fevralın 12-dən start götürən aksiya Qazaxda da uğurla həyata keçirilir.

Tibbi müayinə Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılır. May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub və hər cür şərait yaradılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tibbi müayinənin təşkil olunduğu həmin səhiyyə müəssisələrində olub, vətəndaşlara göstərilən xidmətlərlə, diqqət və qayğı ilə maraqlanıb.

Qazax Müalicə Diaqnostika Mərkəzində tibbi müayinə olunan vətəndaşlarla, müalicə alan xəstələrlə görüşən rayon rəhbəri onları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, cansağlığı və uzun ömür arzu edib.

Sonra icra başçısı tibbi müayinənin təşkil olunduğu şəhər poliklinikasında da olub. Yaradılan şəraitlə, ən əsası da sakinlərə göstərilən xidmətlərlə maraqlanıb, sakinlərin fikirlərini öyrənib. Burada müayinə üçün müraciət edən rayon sakinlərini ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova tibbi müayinə ilə əlaqədar görülən işlər barədə məlumat verərək bildirib ki, onun 14 nömrəli əmrinə əsasən müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur. Ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinə edirlər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər olur. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.

Baş həkim bildirib ki, bu günə kimi Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada artıq 35607 nəfər tibbi müayinədən keçib. Həmçinin, bu günə kimi səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli,  Quşçu Ayrım Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər.

Hər iki müəssisədə rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər ölkəmizdə bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyiblər. Növbəlilik əsasında müayinə olunduqlarını çatdıran sakinlər onlara hər cür diqqət və qayğı göstərildiyini bildiriblər. Əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını yüksək qiymətləndirən hər bir rayon sakini dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq ediblər.

Onu da qeyd edək ki, bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. 

GOYEZEN.AZ
























Geri qayıt