Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib

BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib


15-03-2019, 21:42


Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal,  Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanibayram tədbirində iştirak ediblər.

 

Tədbirin aparıcıları qonaqları və müəllim-tələbə kollektivini salamladıqdan sonra bayram şənliyinə start verilib.


 

Filialın direktoru Arif Rüstəmov çıxış edərək ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə həyata keçirdikləri bütün işlərdə uğurlar arzulayıb. BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan filialın direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını bildirib. Onun filialda qoyduğu ənənələrin bu gün də müəllim və tələbələr tərəfindən yerinə yetirildiyini qeyd edib. Dövlət başçısının son aylar imzaladığı Sərəncam və Fərmanların, xüsusilə də şəhid ailələrinə olan diqqət və qayğının gənclər tərəfindən də yüksək qiymətləndirildiyini və minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırıb. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından minnətdarlığını bildirib. Bu gün bayram şənliyində tələbələrin arasında olmasını, onları təbrik etməsini gənclərə verdiyi dəyər kimi qiymətləndirib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib.  Qeyd edib ki, respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən Fərman və Sərəncamlar gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra başçısı qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.

 

Sonra AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və başqaları çıxış edərək Novruz bayramı ilə əlaqədar öz ürək sözlərini söyləyib, bayram təbriklərini şeirlə çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru Arif Rüstəmovun bayram tonqalını alovlandırması alqışlarla qarşılanıb.


Sonra Novruzun atributlarından olan Keçəl və Kosanın, Bahar qızın şənliyə gəlməsi tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Bayram təamları ilə bəzədilmiş ən yaxşı stolun müəyyən edilməsi məqsədilə münsiflər heyəti yaradılıb. Onlar bütün bayram süfrələrinə baxış keçirərək bəzədilmiş ən yaxşı stolu müəyyən ediblər. Fərqlənən 3 ən yaxşı stolun nümayəndəsinə bayram hədiyyələri təqdim edilib.

Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Yüksək səviyyədə keçirilən bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər, əl işləri, milli təamlar nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub. Kosa və Keçəlin, Bahar qızın bir-birindən şən zarafatları, maraqlı çıxışları bayram şənliyinə daha bir rəng qatıb. Novruz tonqalı ətrafında müəllim və tələbələr rəqs ediblər.












GOYEZEN.AZ


Geri qayıt