Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Fərəhlidə hesabat yığıncağı keçirilib

Sərhəd kəndi Fərəhlidə hesabat yığıncağı keçirilib


28-01-2019, 19:30


Bu gün rayonun düşmənlə sərhəddə yerləşən Fərəhli kəndində də hesabat yığıncağı keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Fərəhli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabatında 2018-ci ilin ölkəmiz, eləcə də rayonumuz üçün uğurlu bir il olmasından söz açılıb, qazanılan nailiyyətlərdən danışılıb.

Fərəhli kənd ümumi orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb.

Yola saldığımız 2018-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Birinci müavin bu gün ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın gündən-günə inkişaf etdiyini, ümummilli liderin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

M.Alıyev qeyd edib ki, bu gün respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Son iki il yarımda isə rayon rəhbərliyinin qayğısı sayəsində dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişmiş, rayonumuz respublikanın abad, gözəl bölgələrindən birinə çevrilmişdir.

Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edən birinci müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq işlərinə nümunə göstərib.

 

Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin - Kosalar, Kəmərli, Qaymaqlı kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Fərəhli kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəbaşçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara, Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib. Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib. Qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Fərəhli kəndidir. Bu kəndin yolunda da işlərin görülməsi nəzərdə tutulub.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan birinci müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

 

Fərəhli kənd İƏD-si üzrə nümayəndə Nəsimi Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 2018-ci il bir çox hadisələrlə yadda qaldı.

Qeyd edib ki, Fərəhli  kənd İƏD-si  üzrə  nümayəndəliyi iki  kəndi - Fərəhli  Qızılhacılı  kəndlərini əhatə edir. Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1 diyarşünaslıq klubu, 1 kitabxana və poçt şöbəsi fəaliyyət göstərir. Fərəhli  kəndinin 5 şəhidi, 8 Qarabağ müharibəsi əlili var. Nümayəndəliyin ərazisi dövlət mülkiyyətli 109 hektar, bələdiyyə mülkiyyətli 1600 hektar, xüsusi mülkiyyətli 645 hektar olmaqla,  ümumi ərazisi 2354 hektardır. Bundan 2075 hektarı kənd təsərrüfatına yararlı torpaq sahəsidir.

01.01.2019-cu il tarixə Fərəhli kəndi üzrə  914 nəfər, 235 təsərrüfat, Qızılhacılı kəndi üzrə isə 306 nəfər, 83 təsərrüfat olmaqla, iki kəndin birlikdə 1220 nəfər əhalisi, 318 təsərrüfatı olmuşdur. Qızılhacılı kəndinin əhalisi 11 may 1992-ci il tarixdən məcburi köçkün kimi qeydə alınmış, Qazax şəhərində və rayonunun kəndlərində məskunlaşmışdır. Bunlardan məcburi köçkün kimi qeydə alınmış 169 nəfər Qızılhacılı kənd sakini vahid aylıq müavinət alır.

Fərəhli kənd ümumi orta məktəbi şəhid Kamran Kərimovun adını daşıyır. 2017-2018-ci il tədris ilində məktəbi 10 nəfər şagird bitirmişdir. 2018-2019-cu tədris ilində isə məktəbdə  60 şagird təhsil alır. 20 nəfər pedoqoji heyət təhsil və təlim-tərbiyə işləri ilə məşğul olur. 9 nəfər texniki işçi çalışır. 

Fərəhli kənd feldşer-mama məntəqəsi əhaliyə tibbi xidmət göstərir. Məntəqədə 4 nəfər işçi işləyir. Xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması və ilkin tibbi yardım günün tələblərinə cavab verir. Hesabat dövründə 2 nikah, 7 ölüm qeydə alınmışdır.

3 nəfərin çalışdığı kitabxananın yerləşdiyi otaqda da təmir işləri aparılmış, yeni kitablarla təmin edilmişdir. Diyarşünaslıq klubunun binası günün tələblərinə cavab vermədiyi üçün başqa otaqda yerləşdirilib, səliqə-səhman işləri aparılmışdır. Burada da 3 nəfər işçi işləyir.

2018-ci ildə icra nümayəndəliyinə 20 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik  tərəfindən 21 məktub göndərilmişdir. Vətəndaşlara 695 ədəd müxtəlif məzmunlu (yaşayış,  ailə tərkibi və s.) arayışlar verilmiş, 2 ədəd rəsmi müraciət daxil olmuş, həmin müraciətlər müsbət həll edilmişdir. 31 şifahi müraciətə baxılmışdır.

Hesabat dövründə kənd İƏD-si üzrə nümayəndəlik işçi qrupunun və kənd fəallarının  iştirakı ilə kəndin mövcud poblemlərinin həllinə çalışmışdır. Kənd əhalisi içməli suya olan təlabatlarını bulaqlardan təmin edirlər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən kəndə 1,5 km uzunluğunda yeni su xətti çəkilərək, əlavə 1 ədəd 16 toluq su çəni  quraşdırılmışdır. Bundan əlavə, həmin cəmiyyət tərəfindən 147 ailənin hər birinə 100 kq olmaqla amafos gübrəsi verilmişdir. Kənd qəbiristanlığında, yol  kənarlarında və kəndarası yollarda müntəzəm olaraq iməciliklər keçirilmiş, əhali arasında maarifləndirmə işləri aparılmış, kəndin mərkəzinə 3 ədəd zibil qutusu qoyulmuşdur.

Hesabat dövründə əhaliyə elektrik enerjisinin verilməsində 5 ədəd elektrik transformatoru  xidmət göstərmişdir. Fərəhli kəndində 2018-ci ildə elektrik enerjisinin verilməsində heç bir problem olmamışdır. Güc transformatorlarında hər hansı nasazlıq baş verdikdə dərhal   Qazax Elektrik Şəbəkəsinin köməkliyi ilə aradan qaldırılmışdır. Kənddə elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə başlanılmışdır. Kəndin ərazisində olan yararsız dirəklər yenilənmiş, elektirik xətləri SİB kabellə əvəz edilmişdir. Bu istiqamətdə işlər hazırda davam etdirilir.

Şəmkir  Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən  qaz  xətlərində  və qaz paylayıcı qurğularda təmir işləri aparılmışdır. Təbii qaz yanacağının verilməsində heç bir problem yaranmamışdır. Fərəhli kəndində yaşayan əhali qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Belə ki, sakinlər dövlət tərəfindən onlara ayrılmış limitdən istifadə edirlər.

01.01.2017-ci il tarixdə 5 kəndin sakinlərinin istifadəsi üçün ayrılan qaz və elektrik enerjisi limitləri ləğv edilmişdi. Qazax rayonunun digər sərhəd kəndləri kimi Fərəhli kəndinin əhalisi də istifadə edilən qaz və elektrik enerjisi üçün ayrılmış limitlərin ləğv edilməsindən çox böyük əziyyət çəkirdilər. İstifadə edilən qaz və elektrik enerjisinin dəyərinin ödənilməsi əhali arasında böyük narahatlıq yaratmışdı.Lakin rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində həmin məsələ də öz müsbət həllini tapdı. İndi Qazax yeganə sərhəd rayonudur ki, 5 kəndi, o cümlədən Fərəhli kəndinin 588 nəfər əhalisi istifadə etdikləri qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Bu da dövlət başçısının əhaliyə, xalqımıza olan qayğısının bir nümunəsidir. Bunun üçün həm ölkə prezidenti İlham Əliyevə, həm də icra başçısı Rəcəb Babaşova sakinlər adından minnətdarlığımı bildirirəm.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı tərəfindən  kənd  ərazisində olan 30 ədəd köhnə rabitə dayaqları dəyişdirilərək yenisi ilə əvəz olunmuş və rabitə xətləri  səliqəyə salınmışdır.                                  

Kənddə 2 ədəd kiçik həcmli mikroavtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət edilir. Bundan əlavə, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən əlavə olaraq yeni marşurut xətti açılmışdır ki, bu da əhalinin rayon mərkəzinə və digər yerlərə gedib-gəlmələrini daha da asanlaşdırmışdır.

Hesabat dövründə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli kəndində  sakinlərlə 2 dəfə səyyar görüşlər keçirmiş, qaldırılmış problemlərlə bağlı aydiyyəti üzrə tapşırıqlarını vermişdir. Belə ki, rayon rəhbərinin tapşırığı ilə kəndin yolunda əsaslı təmir  işləri aparılmış, qum-çınqıl tökülmüş və texnika ilə hamarlanmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən Fərəhli və Qızılhacılı kəndlərindən olan Şəhid  ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram günlərində bayram sovqatları paylanılmışdır.


Fərəhli və Qızılhacılı kəndlərinin əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və  heyvandarlıqdır.

Qazax Bitki Mühafizəsi İdarəsinin işçiləri ilə əlaqə saxlanılır və əkin sahələrinin dərmanlanması üçün əhali arasında maarifləndirmə işləri aparılır. Hesabat dövründə 2018-ci ilin məhsulu üçün 530,2 hektar şum qaldırılmış, ondan 353,0 hektar buğda, 96,0 hektar arpa, 6,5 hektar yonca, 5,5 hektar qarğıdalı, 49 hektar kartof, 2,20 hektar noxud, 1,0 hektar günəbaxan və 4,0 hektar tütün əkilib becərilmişdir. İstehsalçılar buğda sahələrindən məhsuldarlıq 36,5 sentiner olmaqla 1288,5 ton buğda, arpa sahələrindən isə məhsuldarlıq 24,5 sentner olmaqla 235,2 ton arpa istehsal etmişlər. Nümayəndəlik üzrə 6533 kq tütün istehsal edilərək təhvil verilmişdir. İstehsalçılar tərəfindən 2019-cu ilin məhsulu üçün 360 hektarda buğda, 101,0 hektarda arpa səpini aparılmış, 4,0 hektarda tütün, 60,0 hektarda kartof, 3 hektarda noxud, 1,0 hektarda günəbaxan, 10,0 hektarda qarğıdalı və 2,0 hektarda vələmir əkilib-səpilməsi nəzərdə tutulmuşdur. Pay torpaqlarının təyinatı üzrə istifadə edilməsi, əkinçilik  məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzində olmuşdur. Sahələrin əkilib becərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi işi müvəffəqiyyətlə aparılmış,2018-ci ilin avqust ayında 159 ailəyə 32164 manat pul vəsaiti ödənilmişdir.

Bundan əlavə, kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün əhali arasında mütəmadi olaraq profilaktik tədbirlər aparılır və peyvəndlər edilir. Nümayəndəlik üzrə 01.01.2019-cu il tarixə əhalidə olan 676 baş iribuynuzlu mal-qara, 1575 baş xırdabuynuzlu qoyun–keçi, 1325 baş ev quşları qeydə alınmışdır.

Artıq bildiyiniz kimi, döyüş bölgələrində sərhədlərin mühafizəsi Dövlət Sərhəd Xidməti qoşunlarına həvalə edilmişdir. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin əməkdaşları, yüksək rütbəli zabitləri ilə kənd əhalisinin görüşləri keçirilmişdir. Əhalinin təhlükəsizliyi baxımından sərhəd zonasında müəyyən məhdudiyyətlər, davranış qaydaları haqqında təbliğat xarakterli söhbətlər aparılmışdır. Sərhəd Xidməti qoşunlarının yerləşdirilməsi, onların xidmət yerlərində müəyyən infrastrukturların yaradılmasında kənd əhalisindən də işçi qüvvəsi kimi istifadə olunur. Sərhədçilərlə kənd ictimaiyyəti, İƏD nümayəndəliyi və məktəb rəhbərliyi arasında səmimi münasibət yaranmışdır. Bunun nəticəsidir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə keçirilən ümumməktəb tədbirində Dövlət Sərhəd Xidməti qoşunlarının əməkdaşları iştirak etmiş və rəhbərlik adından məktəbə hədiyyələr təqdim olunmuşdur.

Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov, şəhid atası Qurban Orucov, sakinlərdən Bəhrəm Nəbiyev, Mustafa Abdullayev və başqaları çıxış edərək 2018-ci ilin bütün sahələrdə nailiyyətlərlə yola salınmasından danışıblar. Bütün bu uğurların əldə edilməsinə görə Prezident İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirən şəhid atası şəhərdə küçələrdən birinin adına oğlu kapitan Mühüd Orucovun adının verilməsini bildirib.

Minnətdarlıq dolu ürək sözləini çatdıran sakinlər kənd ərazisində ATS-in açılmasını, kənd yolunun asfaltlaşdırılmasını da qeyd ediblər.






GOYEZEN.AZ

 

 

 

 


Geri qayıt