Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə hesabat yığıncağı keçirilib

Qazaxda məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə hesabat yığıncağı keçirilib


8-01-2019, 19:41


Bu gün məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, kənd sakinləri iştirak ediblər.

Hesabat yığıncağını aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub.

Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev açaraq məcburi köçkün ailələrini salamlayıb, yeni il münasibətilə onları bir daha təbrik edib və möhkəm cansağlığı arzulayıb. 2018-ci ildə rayonumuzda və nümayəndəlik tərəfindən görülmüş işlər barədə danışıb. Bildirib ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, bu da yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını bildirib.

Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazax rayonunda da uğurla icra olunduğunu qeyd edən M.Alıyev bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib. 

Qeyd edib ki, dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli, Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb.


Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M.Alıyev Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamını bu qayğının əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu Sərəncam bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edən müavin dövlətimizin təhsilə olan qayğısının bəhrəsi kimi dəyərləndirib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır.

M.Alıyev son iki il yarımda rayon rəhbərliyi tərəfindən Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması bu işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.

Aşağı Əskipara kənd icra nümayəndəsi İlqar İsayev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında 2018–ci ildə Azərbaycan bütün istiqamətlərdə öz siyasətini daha da inamla və uğurla aparmışdır.

 

İcra nümayəndəsi qeyd edib ki, fəaliyyətə başldığı ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda məskunlaşmış məcburi köçkünlərlə müntəzəm olaraq görüşmüş, onların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Məcburi köçkünlərin yaşadıqları ərazilərdəki yollar qum-çınqılla təmir edilmiş, onların həyat şəraitləri yaxşılaşdırılmışdır. Nümayəndəlikdən 28 nəfər məcburi köçkün ailəsi müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuşdur.

 

İ.İsayev bildirib ki, Aşağı Əskipara kənd İƏD–si üzrə nümayəndəlik 3 yaşayış məntəqəsini əhatə edir. Aşağı Əskipara kəndi 341 təsərrüfat olmaqla 1430 nəfərdən, Bağanıs Ayrım kəndi 144 təsərrüfat olmaqla 669 nəfərdən, Xeyrımlı kəndi 67 təsərrüfat olmaqla 313 nəfərdən ibarətdir. Nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində bir tam orta ümumtəhsil məktəbi və iki ibtidai məktəb fəaliyyət göstərir. Məktəblərdə ümumilikdə 176 şagird təhsil alır, 35 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbin 11 məzunundan 5 nəfəri ali məktəbə, 3 nəfəri orta ixtisas məktəbinə daxil olmuşdur.

Hesabat ilində Aşağı Əskipara kənd sakinlərinin müraciətlərinə baxılmış, 15 şifahi və 7 yazılı ərizələri tərəfimizdən müzakirə və həll edilərək lazımi köməkdarlıq göstərilmişdir. İmkanlarımız daxilində olmayan məsələlərin həlli isə rayon rəhbərliyinin göstərişi ilə aidiyyəti təşkilatlar tərəfindən yerinə yetirilmişdir. Hesabat dövründə 13 doğum, 4 nigah, 13 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və statistika idarəsinə hesabat verilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələr həmişə diqqət mərkəzində olmuş, onlara bayram bağlamaları verilməsi ənənə şəklini almışdır.

Məlum olduğu kimi xalqımızın ən yaralı yerlərindən biri Qarabağ problemidir. Rayonumuzun Aşağı Əskipara kəndi də daxil olmaqla 7 kəndi erməni işğalına məruz qalmışdır. Bu işğal dövründə şəhid, əlil və itkin düşənlərimiz olmuşdur.


Sonra məruzə ətrafında çıxış edən Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov, Aşağı Əskipara kənd sakinləri Əziz Həsənov, Rasim Süleymanov, Asif Yusifov və başqaları çıxış edərək onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması, oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir.

Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. 




GOYEZEN.AZ


Geri qayıt