Əsas Səhifə > Manşet / Rəsmi > Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib

Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib


8-01-2019, 19:18


Bu gün Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayədəlikdə 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, kənd sakinləri iştirak ediblər.

Səsvermə yolu ilə yığıncağın sədri və katibi seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub.

Sonra kənd icra nümayəndəsi Mübariz Abdullayev geniş hesabat məruzəsi ilə çıxış edərək nümayəndəlik tərəfindən 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Yola saldığımız 2018-ci ilin ölkəmiz üçün əlamətdar bir il olduğunu qeyd edən icra nümayəndəsi Respublika Prezidenti İlham Əliyevin rəbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan söz açıb. Bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

İcra nümayəndəsi 2018-ciildə ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatların Qazaxda da öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.

Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin bir illik fəaliyyətibarədə məlumat verən M.Abdullayev qeyd edib ki, Qazax mahalının qədim kəndlərindən biri də Birinci Şıxlı kəndidir. XVI əsrin 80-ci illərində əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində, Qarayazı meşəsi boyunca 10 km məsafədə yerləşir. Rayon mərkəzindən 26 km şimali-qərbdə magistiral İpək yolunun üzərində yerləşən Birinci Şıxlı kəndinin ümumi ərazisi 2727 hektardır. Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyi bir kəndi əhatə edir. Kəndin 3647 nəfər əhalisi, 997 təsərrüfatı var. Birinci Şıxlı kəndinin ərazisində 2 məktəb, 1 poçt, 700 yerlik 1 ATS, 3 yanacaqdoldurma məntəqəsi, 2 bərbərxana, 1 qarışıq yem dəyirmanı, həkim məntəqəsi, 2 feldşer mama məntəqəsi, 1 kənd folklor evi, 2 kitabxana, 1 inşaat malları mağazası, 10-dan artıq super market mağazaları kənd əhalisinə xidmət edir. 11 illik məktəbdə 330 nəfər şagirdin təlim-tərbiyəsi ilə 50 nəfər müəllim məşğul olur. Bundan əlavə, 23 nəfər texniki işçi çalışır. 9 illik məktəbdə isə 115 şagirdin tərbiyəsi ilə 20 nəfər müəllim məşğul olur və 10 texniki işçi vardır.

İcra nümayəndəsi qeyd edib ki, bu gün kənddə olan inkişafı gənc ailələr tərəfindən tikilən evlərin müqayisəsindən də aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 28 ev, 2017-ci ildə 33 ev, 2018-ci ildə isə 35 ev gənc ailələr tərəfindən inşa edilmişdir.

Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. 01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatında 1674 baş iribuynuzlu mal-qara, 9055 baş xırdabuynuzlu qoyun-keçi, 10317 baş quş qeydiyyata alınmışdır. Dövlət başçısının kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair 13 yanvar 2007-ci il tarixli Sərancamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2018-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkininə hər hektarına 90 manat, digər əkinlər üçün hər hektara 50 manat ödəməklə ümumilikdə 313 nəfər kənd əhalisinə 63907 manat vəsait ödənilmişdir.

2018-ci ilin məhsulu üçün 423 hektar buğda, 328 hektar arpa, 20 hektar qarğıdalı əkilmişdir. 2018-ci ilin məhsulu üçün Birinci Şıxlı kəndinin pay torpaqlarında 751 hektar səpin olmuşdur. Ondan hal-hazırda əkin sahələrində işlər davam edir, bu günə qədər 900 hektarda şumlama işləri aparılmışdır. 3 hektar torpaq sahəsi tütün üçün nəzərdə tutulmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə kənd ərazisində olan ana kanallar və arxlar Suvarma Sistemləri İdarəsinin işçiləri və kənd sakinləri tərəfindən təmizlənmiş, su itkisinin qarşısı alınmışdır.


2018-ci ildə kəndimizdə 446 kq barama və 4 ton tütün kənd əhalisi tərəfindən istehsal olunaraq təhvil verilmişdir. Kənd ərazisində 520 ədəd tut ağacı əkilmişdir ki, bu da barama istehsalı üçün böyük əhəmiyyət kəsb edir. Bu il isə bu öhdəliklərin 2 qat artırılması nəzərdə tutulmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən problemlərlə maraqlanır və yerindəcə həll etmək üçün adiyyəti üzrə lazımi tapşırıqlar verir. Hesabat ilində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən kənd sakinlərinin yerindəcə problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar adiyyəti üzrə məsələlər qaldırılması məqsədilə kənddə 10 nəfərdən ibarət işçi qurpu yaradılmışdır. Kənd icra nümayəndəliyinin və bələdiyyənin, işçi qrupunun təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası yolların, mərkəzi yolun ətrafı, kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Təmizlənmiş yol kənarında 500-ə yaxın tut ağacları əkilmişdir. Dekabrın 22 və 23-də ümumkənd iməciliyi keçirilmişdir.

2018-ci ildə icra nümayəndəliyinə 20 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 25 məktub göndərilmişdir. Vətəndaşlara 342 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. 9 rəsmi müraciət daxil olmuş və müraciətlər öz müsbət həllini tapmışdır. Birinci Şıxlı kənd icra nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Bir il ərzində nümayəndəlik tərəfindən 24 nigah, 32 ölüm, 52 doğum şəhadətnaməsi verilmişdir. 14 nəfər kəndə qeydiyyata düşmüşdur, qeydiyyatdan çıxan olmamışdır.

Sonra məruzə ətrafında çıxış edən kənd sakinlərindən - Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, Birinci Şıxlı kənd əsas məktəbin direktoru Mahmud Pənahov, kənd həkim məntəqəsinin baş həkimi Fuad Daşdəmirov, Suvarma Sistemləri İdarəsinin işçisi İlham Mikayılov, ağsaqqal, işçi qrupunun üzvü Şəmşəd İbrahimov, YAP ərazi ilk partiya təşkilatının sədri Tahir Musayev, Telman Məmmədov, Nürəddin Misirov, Məhərrəm Bəşirov və başqaları çıxış edərək Birinci Şıxlı kəndinə, eləcə də sakinlərə göstərilən böyük diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Yola saldığımız 2018-ci ilin istər ölkəmiz, istərsə də rayonumuz üçün uğurlu bir olduğunu qeyd edən sakinlər son iki il yarımda Qazaxda görülən işləri yüksək qiymətləndiriblər. Əldə olunmuş uğurlarla yanaşı, öz istək və təkliflərini də çatdırıblar. Kənddə içməli su probleminin həll olunmasını, bağça tikilməsini, müasir tipli həkim məntəqəsinin inşasını və s. bağlı istəklərini bildiriblər.


Hesabat yığıncağında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək ölkəmizdə 2018-ci ildə sosial-iqtisadi sahədə, ordu quruculuğunda, idmanda, təhsildə, mədəniyyətdə, kənd təsərrüfatında qazanılmış nailiyyətlər və əldə olunmuş uğurlar barədə geniş məlumat verib, ötən ilin rayonumuz üçün də uğurlu və tarixi bir il olmasını yığıncaq iştirakçılarına çatdırıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun da inkişaf etdiyini bildirən müavin son iki il yarım ərzində bu inkişafın daha geniş vüsət aldığını bildirib. 2016, 2017-ci illərlə nisbətdə 2018-ci ildə rayonumuzda aparılan quruculuq işlərini müqayisə edərək istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından da söz açıb. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının 2018-ci ilin yaddaqalan uğurlarından biri olduğunu qeyd edib.

Başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin çəkilməsini, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabriki iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin bariz nümunəsi olduğunu bildirib.

T.Musayev son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edərək bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Birinci Şıxlı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan T.Musayev vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır.

Sakinlər tərəfindən qaldırılan digər məsələlər barədə fikirlərini bildirən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd edib ki, 2019-cu il respublikamız, eləcə də rayonumuz üçün daha uğurlu il olacaqdır. Bir sıra beynəlxalq layihələr, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramları, yeni investisiya layihələri həyata keçiriləcəkdir.













GOYEZEN.AZ


Geri qayıt