Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha bir çoxmənzilli binanın əsaslı təmirdən sonra açılışı olub

Qazaxda daha bir çoxmənzilli binanın əsaslı təmirdən sonra açılışı olub


24-12-2018, 20:00


Bu gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Son 2 il yarımda rayonda sosial, sənaye və iaşə obyektlərinin, uşaq bağçalarının, məktəblərin tikilməsi, yeni asfalt yolların çəkilməsi, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri onu söyləməyə əsas verir ki, ölkə başçısı tərəfindən qəbul olunmuş dövlət proqramı uğurla icra olunur.

Görülən bütün bu işlər qazaxlılar tərəfindən ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ilə qarşılanır.

Qazaxda son iki il yarımdır ki, əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər aparılır. Ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın düzgün icra edilməsi bu istiqamətdə atılan uğurlu addımlardan biridir. Məhz həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması,  4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması görülən işlərin əyani göstəricisidir. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdəndir.

Rayonda çoxmənzilli binaların təmir olunmasına böyük sürətlə start verilib. Məhz bunun nəticəsidir ki, bu il 26 iyun - Silahlı Qüvvələr Günündə əsaslı təmirdən sonra istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları təmirli binalar sırasındadır.

Dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirmək olar.

Hal-hazırda isə şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binanın əsaslı şəkildə təmir olunması bu işlərin bundan sonra da davam etdirilməsinin əyani göstəricisidir.

Bu gün isə şəhərin mərkəzində N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı çoxmənzilli binanın əsaslı təmirdən sonra açılış mərasimi olub.

Binanın qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri də iştirak ediblər.


Açılış mərasimində iştirak etmək üçün gələn rayon rəhbərini və qonaqları alqış sədaları altında böyük hörmət və səmimiyyətlə qarşılayan bina sakinləri onların ünvanına xoş sözlər söyləyiblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün xalqımızı və bina sakinlərini təbrik edib, onlara xoş arzularını bildirib. Bu gün ad gününü qeyd edən ölkə başçısı İlham Əliyevi qazaxlılar, ziyalılar adından təbrik edib, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirəcəyi bütün işlərində uğurlar arzulayıb.


İcra başçısı qeyd edib ki, siz sakinlərin sevincinə şərik olmaq, təbriklərimi çatdırmaq üçün bugünkü görüşə gəldim. Yadınızdadırsa, biz bu işə başlayanda bildirmişdim ki, şəhərdəki digər çoxmənzilli binalar kimi bu bina da yüksək şəkildə təmir ediləcək və hər şey nümunəvi olacaq. Mənə elə gəlir ki, bu gün biz o istəyimizə nail ola bildik. Çünki rayonumuzda abadlıq və quruculuq işlərini həyata keçirməkdə əsas məqsədimiz siz sakinlərin məmnunluğunu, rahatlığını təmin etməkdir. Çünki siz sakinlər bundan da yaxşı şəraitdə yaşamağa layiqsiniz. Dövlətin və dövlət başçısının da yürütdüyü siyasətin kökündə vətəndaş amili dayanır. Görülən hər bir iş siz sakinlərin adı ilə bağlıdır.

"Respublika Prezidentinin siyasətinin əsasında xalqa xidmət dayanır”, - deyən icra başçısı bu istiqamətdə atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz açıb.

Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasını rayonda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən Əhəng zavodunun tikilməsindən aydın şəkildə görmək olar. Bundan əlavə, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, son tamamlanma işləri aparılır və avadanlıqlar quraşdırılır.


İcra başçısı qeyd edib ki, Qazax elm, təhsil, mədəniyyət mərkəzi, tairixi şəxsiyyətlər yurdudur. Ona görə də rayonda tikinti-quruculuq işlərinin aparılması ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr də inkişaf etdirilir. Bunu istər ali məktəblərə qəbul olan məzunlarımızın, istər yarışlarda medal qazanmış idmançılarmızın sayının ildən-ilə artmasından aydın şəkildə görmək olar.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonda olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı Rəcəb Babaşov bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan qələbələr də həmin düzgün təmələ söykənir. Çünki siz sakinləri sevincli görəndə biz öz istəyimizə çatmış oluruq.

Binanın təmirində əməyi keçən insanlara, xidmət sahələrinin rəhbərlərinə minnətdarlıq edən rayon rəhbəri görülmüş işlərin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün onların var qüvvələri ilə çalışdıqlarını qeyd edib.

İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha böyük nailiyyətlər qazanmağı arzulayıb. Rayon rəhbəri qarşıdan gələn 2019-cu ildə işğal altında olan torpaqlarımızın, eləcə də bu gün düşmən tapdağı altında qalan Qazaxın 7 kəndinin işğaldan azad olunmasını arzu edib və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə sevincinin yaxında olduğunu qeyd edib.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək bina sakinlərini salamlayıb, bayramlar münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, mən Qazaxa səfərim zamanı hər dəfə bir yeniliyin şahidi oluram. Bölgələrimizdə, o cümlədən Qazaxda olan inkişafı, yeniliyi görən zaman bir vətəndaş kimi sevinirəm ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət bu gün uğurla icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gördüyü işlərdən, vətəndaşlara olan qayğısından söz açan deputat Qazaxda vətəndaş amilinin hər zaman ön planda olmasını yüksək qiymətləndirib. Bu gün açılışını etdiyimiz çoxmənzilli binada aparılan əsaslı təmir işlərinin rayon sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin əyani sübutu olduğunu bildirib.

Bina sakinlərindən Cəfər Həsənov, Gülnaz Gülməmmədova, Vəzir Pərvizoğlu və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün ad gününü qeyd edən ölkə başçısı İlham Əliyevə ən səmimi təbriklərini çatdırıblar. 

Respublika prezidentinin imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirən sakinlər təmir olunmuş çoxmənzilli binaların onlara olan diqqət və qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər.

Çıxış edənlər bildiriblər ki, biz sevinirik ki, Prezident İlham Əliyevin söylədiyi "Harda ehtiyacı olan insan varsa, mən o insanların yanındayam” fikri Qazaxda da uğurla icra olunur. Biz sakinlər 2 il yarımdır ki, rayon rəhbərinin sayəsində bunun şahidi oluruq. Gəldiyi ilk gündən hər bir vətəndaşın qaldırdığı məsələ ilə yaxından tanış olmağı, hər bir məsələyə operativ şəkildə münasibət bildirməyi, fərdi qəbullar, səyyar görüşlər keçirməyi, vətəndaşın istəyini nəzərə alıb onların yaşadıqları ünvanlara belə getməyi bunu söyləməyə əsas verir. Bildiriblər ki, Sizin bizim yaşadığımız binanı yüksək səviyyədə əsaslı şəkildə təmir etdirməyiniz də bu qayğının əyani təzahürüdür. Ona görə başda siz olmaqla, əməyi keçən hər kəsə bütün bina sakinləri adından öz dərin minnətdarlığımızı bildiririk.

Sonra sakinlər rayon rəhbərliyini və qonaqları binanın qarşısında inşa edilmiş xeyir-şər evində çay süfrəsinə dəvət ediblər.

Daha sonra icra başçısı və qonaqlar əsaslı şəkildə təmir olunan binaya baxış keçiriblər. Tədbir iştirakçıları binada yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Şəhərin mərkəzində yerləşən binanın təmir olunmasını dövlətin və dövlət başçısının sakinlərə olan qayğısı kimi dəyərləndiriblər.

Məlumat üçün qeyd edək ki, binanın dam örtüyü dəyişdirilib. Xarici fasadında, bloklarında, pilləkan qəfəslərində əsaslı təmir işləri aparılıb. Qaz, işıq və rabitə xətləri səliqəyə salınıb. Blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan əlavə, sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün binanın həyətində blokların giriş hissəsinə eni 2 metr, uzunluğu 70 metr olan beton səki salınıb. Binanın künc hissəsindən pilləkan tikilərək ətrafına dəmir əl tutulan və həmin əraziyə işıqlanma quraşdırılıb. Bundan başqa, həyətdə sanitar qovşağı tikilib. İçməli su xətti çəkilərək bulaq tikilib sakinlərin istifadəsinə verilib. Sakinlərin paltar asmaları üçün yeni dəmir dayaq basdırılıb. Binanın bloklarındakı zirzəmilər təmizlənib. Binanın həyətində sakinlər üçün stul qoyulub. Bütün bu işlərlə yanaşı, sakinlərin istəyini nəzərə alınaraq binanın həyətində xeyir-şər evi də inşa olunub.




















GOYEZEN.AZ


Geri qayıt