Əsas Səhifə > Manşet / Rəsmi > Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib

Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib


8-11-2018, 21:25


Son iki il yarım və Qazax rayonu. Bu gün tam əminliklə deyə bilərik ki, bu illər ərzində rayonumuz inkişafa doğru ildən-ilə qazanılan uğurlarıyla, əldə edilən nailiyyətləriylə sürətlə addımlayır. Ötən illər ərzində aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə edilən yeniliklər rayonumuzun gündən-günə inkişaf etməsindən xəbər verir. Qazaxda ötən bu müddət ərzində dəyişməyən bir şey var ki, o da vətəndaş amilinin ön planda olmasıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər bu dediklərimizin əyani sübutudur. Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış həmin səyyar görüşlərdə icra başçısı sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır.

Bu gün icra başçısının növbəti səyyar görüşü Çaylı kəndində olub. Kənd sakinləri ilə keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb, kənd camaatını narahat edən qayğılarla maraqlanılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb.  

Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq doqquzuncu dəfədir ki,  sizlərlə səyyar formada görüşürük. Bildiyiniz kimi, bu cür səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam.

2016, 2017-ci illərdə görülən işləri müqayisə edən icra başçısı bildirib ki,  rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. Rayonda görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.

 

Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək dəyərləndirib. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını bildirib. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görüldüyünü, son tamamlanma işləri aparıldığını qeyd edib.

 

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edib ki, Çaylı kəndində də bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı bundan başqa, Orta Salahlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində də uşaq bağçalarının olması üçün məqsədyönlü işlərin görüləcəyini bildirib.


Rayon rəhbəri bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu çatdırıb.

İcra başçısı Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam etdirildiyini bildirib. Beləliklə, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması kimi dəyərləndirib.

Rayon rəhbəri Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq göstərib.

Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra olunduğunu diqqətə çatdırıb. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Hal-hazırda bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib.

 

Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına, Qazaxın tarixi keçmişinə hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və diqqətə, xüsusilə də Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Kosalar, Qaymaqlı və Kəmərli kənd tam orta məktəblərinin də əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulub. 2016-cı ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin də əsaslı şəkildə təmir olunmasını təhsil sahəsinə olan böyük qayğı kimi qiymətləndirib

Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan danışan icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü işlərin görüldüyünü, Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə bilirlər.

 

Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Belə ki, bir neçə həftədir ki, Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsinə start verilib.  

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq.

Görüşdə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. 

Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.

2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 10972 hektar sahədə şumlanma aparılmış, 2661 hektar buğda, 2416 hektar arpa olmaqla, cəmi 5077 hektarda taxıl səpilmişdir.

Rayon rəhbəri bildirib ki, rayonda önəm verilən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. İstər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında Azərbaycanda istehsal olunan fındığının alıcılıq qabiliyyəti yüksəkdir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Bu yardımdan bəhrələnən qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan fındıq istehsalını artırmaq məqsədilə yeni bağlar salmışlar. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı salınmışdır ki, bunun 136 hektarı bar verən sahə olmuşdur. 455 ton da məhsul toplanmışdır.  2017-ci ildə fındıq bağının sahəsi 222,83 hektar olmuşdur. 136 hektar bar verən sahədən də 460 ton məhsul tədarük edilmişdir.

2018-ci ildə isə rayonda salınmış fındıq bağının sahəsi 224,1 hektar olmuşdur. Bar verən sahə də 136,3 hektar təşkil etmişdir. Toplanmış məhsul isə 465 tondur. İllər üzrə olan artımdan da aydın şəkildə gömək olur ki, ixracyönümlü məhsul olan, ölkəyə daha çox valyuta gətirən fındıq istehsalının artırılması istiqamətində rayonda son illər ardıcıl tədbirlər görülür. Çaylı kəndində də fındıq bağlarının salındığını diqqətə çatdırıb.

İcra başçısı Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

Arxların təmizlənməsindən söz açan rayon rəhbəri qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Bildirib ki, payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə başlanılıb. Bütün kəndlər üzrə aparılan təmizlik işləri uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 28.79 km-i təmizlənib. Çaylı kəndi üzrə 15,40 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 4,0 km-i texnika, 11,40 km-i isə əl əməyi vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 1030 m arx təmizlənib ki, bunun da 400 m-i texnika vasitəsilə, 630 m-i isə əl əməyi ilə həyata keçirilib.

Kənd sakinlərindən Rauf Sanıyev, Gülnaz İsmayılova, Saleh Hüseynov, Səməd Binnətov, Şəmistan Vəliyev, Qəzənfər Qocayev, Leylifər Məmmədova, Məmməd Qocayev, İlqar Hüseynəliyev, Hümbət Kazımov, Mətləb Cəlilov, Camoy Qurbanov və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, əməyin dəyəri məqsəd və nəticəsi ilə ölçülür. Sizin gördüyünüz işlərin miqyası ilə yanaşı, məqsədi də bəllidir. Siz rayonumuza elə bir vaxtda gəldiniz ki, illərlə yığılıb qalan problemlərimiz, qayğılarımız həll olundu. Hər bir rayon sakini elə ilk gündən Sizin qayğınızı hiss etməyə başladı. Bu gün rayonumuzda olan abadlıq, gündən-günə artan yeniliklər dövlətin, dövlət başçısının və Sizlərin sayəsindədir. Çaylı kəndinə yeni asfalt yolun çəkilməsini, kənd məktəbinin əsaslı şəkildə təmir olunmasını minnətdarlıq hissi ilə qarşılayan sakinlər razılıqlarını ifadə ediblər. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını ümummilli lidərin qoyduğu dövlət siyasətinin bu gün onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə olan kəhrizin təmizlənməsi, bağçanın açılması, su məsələsinin aradan qaldırılması, kənd daxilində zibil qutularının qoyulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Məsələlərə yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.













GOYEZEN.AZ


Geri qayıt