Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxın sərhəd kəndləri daim diqqət mərkəzindədir

Qazaxın sərhəd kəndləri daim diqqət mərkəzindədir


6-11-2018, 22:30

Bu sözləri Cəfərli və Bala Cəfərli kəndində keçirilən görüş zamanı sakinlər söyləyib


Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında isti bir münasibət, doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısı Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.

Sərhəddə yerləşən Cəfərli və Bala Cəfərli kəndləri də rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı kəndlərdəndir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndlərə xüsusi qayğı ilə yanaşır.

Bu gün icra başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə həmin kəndlərdə olub, sakinlərlə görüş keçirib, onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Ötən ilin dekabrında istifadəyə verilən Cəfərli kənd uşaq bağçasında keçirilən görüşdə son 2 il yarım ərzində Qazaxda istər tikinti-quruculuq sahəsində, istər elm, təhsil, mədəniyyət sahələrində, istərsə də kənd təsərrüfatında  qazanılan uğurlu nəticələrdən söz açılıb.

Rayon rəhbəri çıxış edərək kənd sakinlərini salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, həmişə olduğu kimi bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

Bildirib ki, bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.


İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, səyyar görüşlərdən də yaxşı bilirsiniz.

Rayonumuzda yol infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, ölkə başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan istifadə edə bilirlər.


Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev, Mehman Nəbiyev və başqaları çıxış edərək bildiriblər ki, bu gün biz sülh və əmin-amanlıq şəraitində yaşayırıqsa, əvvəl ulu öndər Heydər Əliyevə, sonra isə onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Çıxış edənlər rayonda, eləcə də kənddə görülən genişmiqyaslı işlərdən də danışıblar. Ötən il kənddə yeni uşaq bağçasının istifadəyə verilməsini, yeni asfalt yolun çəkilməsini sərhəddə yaşayan sakinlərə göstərilən qayğı kimi qiymətləndiriblər.  Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər.

Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi Cəfərli kənd uşaq bağçasında körpə balalar üçün yaradılan şəraitlə tanış olub, uşaqların ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıblar. Cəfərli kənd İƏD üzrə nümayəndəlikdə və kənd kitabxanasında sakinlərin rahatlığı üçün yaradılan şəraitlə də tanış olublar.

Daha sonra rayonun düşmənlə ən ucqar məsafədə yerləşən Bala Cəfərli kəndində sakinlərlə görüş keçirilib. Bu görüşdə də sakinlərin qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib.

Həmişə olduğu kimi, bu dəfə də kənd sakinləri rayon rəhbərliyini böyük səmimiyyətlə qarşılayıb, keçirilən görüşə görə razılıqlarını ifadə ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək rayonda görülən işlərdən söz açıb, qazanılan uğurlardan danışıb. Böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün işlərin artan templə davam etdiyini qeyd edib. İstər sosial obyektlərin, istərsə də çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasının geniş vüsət aldığını bildirib. Ötən 2 il yarımda rayonda xeyli sayda işlərin görüldüyünü diqqətə çatdırıb.

Kənd sakinləridən II qrup Qarabağ müharibəsi əlili Ceyhun Rəhimov, ağsaqqal Telman Kosayev, Zülfü Məmmədova, Bala Cəfərli kənd ibtidai məktəbin direktoru Yasəmən Quliyeva çıxış edərək bildiriblər ki, bu gün sərhəddə yaşayan sakinlərə rayon rəhbərliyi tərəfindən hər cür dəstək göstərilir. Rayon rəhbəri kənddə olan ən xırda məsələyə belə öz şəxsi məsələsi kimi yanaşır və həlli istqamətində elə yerindəcə tapşırıqlar verir. Məhz bu qayğının nəticəsidir ki, kənddə zərər dəymiş evlərin dam örtükləri yenilənmiş, əksər evlərin düşmən gülləsinə tuş gələn pəncərələri hörülmüş, kənd qəbiristanlığının kənarına tor hasar çəkilmişdir. Bir sözlə, bu gün kənddə sakinlər tərəfindən qaldırılan hər bir məsələ öz müsbət həllini tapır. Bütün bunlar isə rayonda son iki il yarım ərzində vətəndaş amilinin ön planda tutulmasından xəbər verir. Biz sərhəddə yaşayan sakinlər hər dəfə əmin oluruq ki, bizə arxa olan dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz var.




















GOYEZEN.AZ


Geri qayıt