Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda suvarma arx və kanallarının təmizlənməsi uğurla davam edir

Qazaxda suvarma arx və kanallarının təmizlənməsi uğurla davam edir


5-11-2018, 21:15

Bu gün Qazax rayonu istər aparılan tikinti-quruculuq işlərinə, istərsə də kənd təsərrüfatı sahəsində qazanılan uğurların ildən-ilə artmasına görə bütün bölgələr arasında seçilir. Bunu rəqəmlərin müqayisəsindən də aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

Məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hər il suvarma arxları və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir.

2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə başlanılıb. Bütün kəndlər üzrə aparılan təmizlik işləri uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 9,61 km-i təmizlənib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə bu gün arxlarda təmizlik işləri aparılan bir neçə kənddə olub, görülən işlərlə yaxından maraqlanıblar.

Yuxarı Salahlı kəndində görülən işlərlə tanışlıq zamanı bildirilib ki, kənd üzrə 26,6 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 16,10 km-nin texnika, 8,50 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 100 metrin texnika və əl əməyi vasitəsilə təmizləndiyi bildirilib.

Bu gün rayon rəhbəri və administrasiya nümayəndəsi Daş Salahlı kəndində arxlarda aparılan təmizlik işləri ilə də tanış olub.

"Daş Salahlı” SİB-in icraçı direktoru Almara Abdullayeva arxlarda aparılan təmizlik işləri barədə məlumat verərək bildirib ki, ötən il olduğu kimi, bu il də işlərə böyük sürətlə start verilib. Qeyd edib ki, kənd üzrə 17,25 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 12,80 km-in texnika, 4,45 km-in isə əl əməyi ilə təmizlənəcəyini çatdırıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən istifadə edildiyini bildirib.

SİB direktoru istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işləri nəticəsində həm suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edib. Ümumilikdə, kənd təsərrüfatının su ilə təmin olunması istiqamətində həyata keçirilən bu ümumrayon işinin sadə kəndlilər və təsərrüfatla məşğul olan insanlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Rayon rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu işin rayonda kənd təsərrüfatının inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biri olduğunu bildirərək bütün kənd sakinləri adından minnətdarlığını çatdırıb.





























GOYEZEN.AZ

 


Geri qayıt