Əsas Səhifə > Manşet / Sosial > Qazaxda istifadəyə veriləcək Aqropark rayon sakinləri üçün böyük töhfə olacaq

Qazaxda istifadəyə veriləcək Aqropark rayon sakinləri üçün böyük töhfə olacaq


1-11-2018, 21:23


Bu gün ölkəmizdə aparılan uğurlu islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər həm dövlətimizin sosial-iqtisadi cəhətdən inkişaf etməsinə, həm də iqtisadiyyatın neft amilindən asılılığının azalması üçün geniş imkanlar yaradır. Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncam və Fərmanlara uyğun olaraq elə bir sahə yoxdur ki, orada olan inkişaf, tərəqqi gözə çarpmasın. Bütün bunlar isə kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının artan templə inkişaf etməsindən xəbər verir.

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması bunun bariz nümunəsidir.

Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir. Belə ki, rayonda yaradılmış bu Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə Aqroparkda görülən son tamamlanma işləri ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, əsas işlər tam başa çatıb. 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.

Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Bundan əlavə, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Bu gün həmin anbarlarda məhsullar saxlanılır. Bildirilib ki, tam hazır olan inzibati binada da bütün avadanlıqlar quraşdırılıb. Qeyd edilib ki, bütün işlər paralel şəkildə həyata keçirilib. Kompleksin həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.






GOYEZEN.AZ


Geri qayıt