Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı olub

Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı olub


27-10-2018, 20:43

Bütün dünyada tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması bunun bariz nümunəsidir. Qazaxda mədəniyyətin aparıcı qollarından birini təşkil edən aşıq sənətinə də hər zaman yüksək qiymət verilib. 

Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca lentə alınmış, "Əməkdar incəsənət xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş ustad Aşıq Ədalət Nəsibovla vida mərasiminin yüksək səviyyədə təşkil olunması, ildönümünün böyük təntənə ilə qeyd olunması, qəbirüstü abidəsinin qoyulması Qazaxda aşıq sənətinə verilən ən böyük dəyərdir.

Qərbin qapısı kimi tanınan, söz, sənət mülkünün beşiyi sayılan Qazax bu gün daha bir tarixi günə şahidlik edirdi.

Bu tarixi gün isə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimində yaşanırdı. Bu dəfə saz sevərlər, sözə dəyər verənlər Dədə Ələsgər və Dədə Şəmşirin ruhunun işığına toplaşmışdı.

Tədbirdə "Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, Regional Mədəniyyət İdarəsinin, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, təqaüddə olan dövlət qulluqçuları, qonaqlar və KİV nümayəndələri iştirak edirdi.

Qonaqlardan - Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Akademik Teymur Bünyadov, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev və başqaları Dədə Ələsgərlə Dədə Şəmşirin sazının, sözünün qüdrətinə qiymət vermək üçün bir yerə toplaşmışdı.

Əvvəlcə Dədə Ələsgər və Dədə Şəmşirin büstlərinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra ağ örpək götürüldü və Qazaxda saz, söz sevərlərə yeni bir abidə hədiyyə olundu.






Tədbirin aparıcısı, Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri açıq elan edərək Dədə Şəmşir yaradıcılığından söz açdı.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, aşıq sənətini sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, ustad aşıqların saz havaları, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq.


Rayon rəhbəri bildirdi ki, dövlət başçısı İlham Əliyevin 2 aprel 2018-ci il tarixli, 3857 nömrəli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətdir. İcra başçısı qeyd etdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da Aşıq Şəmşirin 125 illik yubileyini qeyd edirik. Məhz ölkə başçısının Sərəncamından irəli gələn vəzifələri yerinə yetirərək saz, söz sənətini yaşadan insanlara öz qiymətimizi veririk.

İcra başçısı bildirdi ki, ölkə başçısının da Sərəncamda söylədiyi kimi, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Rayon rəhbəri Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət” ordenli Natiq Əliyevin bu büstlərin ərsəyə gəlməsində böyük əməyi olduğunu bildirərək bütün qazaxlılar, saz sevərlər adından təşəkkürünü çatdırdı. Əsərlərinin içərisində istər Dədə Ədalətin möhtəşəm abidəsinin, istərsə də Dədə Ələsgər və Dədə Şəmşirin büstlərinin ən qiymətli əsərlər olduğunu qeyd etdi.


Akademik Teymur Bünyadov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu gün böyük bir bayrama toplaşmışıq. Bu gün qazaxlıların yaddaşında uzun müddət silinməz izlər qoyacaqdır. Bildirdi ki, bu gün biz qazaxlılar fəxr edə bilərik ki, dahi şair Səməd Vurğunun bütün dünyaya tanıtdığı Dədə Şəmşirin yubileyini elə dahi şairin doğma el-obasında qeyd edirik. Necə ki, Səməd Vurğun Şəmşirə yüksək dəyər vermişdi. Bu gün də qazaxlılar, ziyalılarımız, rayon rəhbərliyi Şəmşirə böyük qiymət verir. Bu gün şəhərin mərkəzində olan bu büstlər, mən deyərdim ki, bu abidə bunun bariz nümunəsidir. Bu gün istər dövlət tərəfindən, istərsə də xalq tərəfindən bu cür ustad aşıqlara böyük qiymət verilməsi bir ziyalı kimi məni çox sevindirir. Xüsusən də, Qazaxda belə yüksək səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bir ay yarım bundan əvvəl biz ustad Aşıq Ədalətin qəbirüstü abidəsinin açılışını etdik. İldönümünü yüksək səviyyədə qeyd edik. Bu gün də tarixi bir günə şahidlik edirik. Çünki Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün biz möhtəşəm bir mədəni hadisənin iştirakçısına çevrilirik. Bu gün biz iki büstün deyil, iki qoşa qanadın, Azərbaycan sazının iki ustad aşığının sənətinə ucaldılmış iki qoşa abidənin açılışına toplaşmışıq. Bu gün bu abidənin açılışı ondan xəbər verir ki, Qazaxda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. Rayon rəhbərinin sayəsində rayonda hər gün bir yeniliyin şahidi oluruq. Biz ziyalılar ona görə sevinirik ki, rayonda olan bu genişmiqyaslı abadlığın, quruculuğun siyahısında bu cür abidələrə, büstlərə, heykəllərə də rast gəlirik. Bu cür yubiley tədbirləri keçirilir. Bunu görüb fərəh hissi keçirmək hər bir qazaxlının haqqıdır və bu haqqı onlara verən insan isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirdi. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

Birlik sədri büstlərin müəllifi olan Azərbaycan Respublikasının Xalq rəssamı Natiq Əliyevə bütün aşıq sevərlər adından minnətdarlığını çatdıraraq qeyd etdi ki, gün o gün olsun ki, Kəlbəcər və digər torpaqlarımız işğaldan azad olunsun və belə büstlərdən o torpaqlarda da qoyulsun.


"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü günün bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirdi. Ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açan birlik sədri dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışdı.


Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək əlamətdar gün münasibətilə bütün qazaxlıları təbrik etdi. Ölkə başçısının imzaladığı Sərəncamdan söz açan deputat həmin Sərəncamın aşığın mədəni irsinin öyrənilməsində, gənc nəsillərə çatdırılmasında böyük önəm daşıdığını bildirdi. Həmin Sərəncamdan irəli gələrək rayon rəhbərinin təşkil etdiyi bugünkü tədbirin bu sahədə görülən məqsədyönlü işlərin davamı olduğunu qeyd etdi.

M.Hüseyn adına məktəb-liseyin tədris işləri üzrə direktor müavini Rəhim Muradov, AYB-nin üzvü, şairə Tamella Poladlı, təqaüdçü müəllim Cavanşir Rüstəmov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışdılar. Bütün qazaxlılar adından tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlıqlarını bildirdilər. Aşıq Şəmşirin şeirlərini səsləndirərək ustad aşığın ruhunu yad etdilər.

Sonra söz Dədə Ədalət, Ələsgər, Şəmşir kimi böyük ustadlardan bəhrələnən aşıqlara verildi. Aşıq Avdı Musayev, Şaiq İncəli, Ədalət Dəlidağlı, Aşıq Hacı saz havaları üstündə Dədə Şəmşirə həsr olunmuş şeirləri səsləndirdilər.          

Sonda möhtəşəm abidənin qarşısında xatirə şəkli çəkdirildi.































 

GOYEZEN.AZ    


Geri qayıt