Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayonu hesabat verib

Qazax rayonu hesabat verib


18-10-2018, 16:30

Qazaxda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib 

Oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, sahibkarlar, məktəb direktorları, bağça müdirləri, SİB-in icraçı direktorları, KİV nümayəndələri iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.




Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını, yığıncaq iştirakçılarını Milli Müstəqillik Gününün 27-ci ili münasibətilə təbrik edib, müstəqilliyimizin daimi və əbədi olmasını diləyib. 

Sonra icra başçısı tədbirin gündəliyi barədə yığıncaq iştirakçılarına məlumat verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş məruzə ilə çıxış edib. Bildirib ki, hesabat dövründə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı işlər görülmüş, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilmişdir.

 

Respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilmiş və 2018-ci ilin doqquz ayında yüksək göstəricilər qazanılmışdır. Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaddaqalan tədbirlər həyata keçirilmişdir. Rayonumuzda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2018-ci ilin doqquz ayında da uğurla həyata keçirilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olub. Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Qazax Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

QEYD: Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ayrıca olaraq dərc olunur.








GOYEZEN.AZ



Geri qayıt