Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub


5-10-2018, 15:24


Bu gün respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə rayonda çalışan müəllimlər, məktəb direktorları, qabaqcıl təhsil işçiləri və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib və abidəsi önünə gül dəstələri qoyublar. Sonra ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin müstəqil Azərbaycanın inkişafı naminə təhsil sahəsində göstərdiyi misilsiz xidmətlərdən, müəllimlərə verdiyi yüksək qiymətdən və onların ünvanına səslənən dəyərli fikirlərdən bəhs edən filmə baxıblar. Ulu öndərin təhsil sahəsində həyata keçirdiyi işlərə bir daha nəzər salıblar.








Sonra "7 Gözəl” şadlıq sarayında davam edən bayram tədbirini aparıcı Zəmanə Dərviş açaraq müəllimləri təbrik etmək üçün sözü rayon rəhbərinə verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən keçirilir. 

İcra başçısı bildirib ki, "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verir.


Rayon rəhbəri bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda Səməd Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması bunun bariz nümunəsidir.

Qazax təhsilin, mədəniyyətin beşiyi olub deyən icra başçısı rayonda böyük bir ziyalı ordusunun formalaşdığını, ziyalı nəslinin yetişdiyini qeyd edib. Bu baxımdan rayonda təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirib. Bu yolda peşəsinə hörmətlə yanaşan hər bir müəllimə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.


Sonra icra başçısı ölkə prezidenti İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Xasməmmədova Tahirə Oruc qızını "Əməkdar müəllim” fəxri adına layiq görülməsi, şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Qayayeva Yasəmən Naib qızını "Tərəqqi” medalı, Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Mancanov Ulduz Əhməd oğlunu Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi, döş nişanı”, Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Carçıyeva Kifayət Məhəmməd qızını Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmaları münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və əmək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Tahirə Xasməmmədova Yasəmən Qayayeva öz çıxışlarında yüksək ada və dövlət təltifinə layiq görüldükləri üçün Prezident İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlıqlıarını bildiriblər. Onlara verilən bu yüksək qiyməti rayon təhsilinə, bütün qazaxlı müəllimlərə verilən qiymət kimi dəyərləndiriblər.


Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək səmimi təbriklərini çatdırıb, ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdiyini və uğurlu göstəricilərin əldə olunduğunu qeyd edib. Bildirib ki, təhsilə göstərilən qayğının nəticəsidir ki, Qazax rayonunda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 olmuşdur. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.


BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev  çıxış edərək bütün müəllimləri peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün hər bir qazaxlı fəxr etməlidir ki, Azərbaycanda maarifçilik mühiti Qazaxda formalaşıb və öz ziyalıları ilə seçilib. Bu il Qori Müəllimlər Seminariyasının Qazaxa köçürülməsinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsindən danışan natiq bu münasibətlə bütün qazaxlıları, müəllimləri təbrik edib. Rayon rəhbərliyinin qayğısı sayəsində son 2 il 4 ay ərzində təhsildə yüksək göstəricilərin əldə olunduğunu bildirib.

Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsti Ələkbərova, Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin ingilis dili müəllimi Humay Əfəndilivə başqaları çıxış edərək müəllim günü münasibətilə bütün müəllimləri təbrik ediblər. Təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, müəllimlərə verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz minnətdarlıqlarını çatdırıblar. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə vətənpərvər ruhda gənc nəslin yetişməsi üçün bundan sonra da daha böyük məsuliyyətlə çalışacaqlarını qeyd ediblər.






Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı başda olmaqla, təlim–tərbiyə işlərində fərqlənən bir qrup müəllim və təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının, Təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin Fəxri Fərmanları ilə təltif olunublar.

Sonra tədbir musiqi sədaları altında bayram süfrəsi ətrafında davam edib. Aşıqlardan Camoy Qurbanov və Şahin Süleymanov öz musiqi töhfələri ilə müəllimləri təbrik ediblər.






























GOYEZEN.AZ

 


Geri qayıt