Əsas Səhifə > Manşet / Sosial > 6 saylı körpələr evi-uşaq bağçasında əsas işlərin xeyli hissəsi görülüb

6 saylı körpələr evi-uşaq bağçasında əsas işlərin xeyli hissəsi görülüb


1-10-2018, 22:00


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun son 2 il 4 ay ərzində Qazax rayonunda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində görülən məqəsdyönlü işlərdir. Bunu fəaliyyətə başladığı ilk gündən rayonda çoxsaylı bağçaların təmir olunması üçün verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur.

Bu gün rayonda olan tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2,3,4,5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bunun bariz nümunəsidir.

Sevindirici haldır ki, tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.

Xəbər verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Artıq 1 aydır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada bütün işlər paralel şəkildə həyata keçirilir. Belə ki, otaqlarda olan köhnə suvaq çapılaraq tökülüb və yenisi ilə əvəz olunub. Bundan əlavə, döşəmədə lazım olan hissələrə beton tökülüb. Suvaqaltı elektrik xətləri çəkilir. Tavana alçipan vurulur. Lazım olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilir. Binanın daxili ilə yanaşı, xarici fasadında da suvaq işləri aparılır. Binanın dam örtüyü sökülərək yenidən vurulub.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. 6 saylı körpələr evi-uşaq bağçası şəhərdə fəaliyyət göstərən və təmirə ehtiyacı olan sonuncu bağçadır ki, o da əsaslı şəkildə yenidən qurulur.








GOYEZEN.AZ

 


Geri qayıt