Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli binalarda son tamamlanma işləri görülür

Çoxmənzilli binalarda son tamamlanma işləri görülür


26-09-2018, 19:46

 

Bu gün Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin sırasında rayonda olan çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına da üstünlük verilir. Ölkə başçısının rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamının son 2 il 4 ay ərzində uğurla icra edilməsi bunu söyləməyə əsas verir. Bu məqsədlə ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir.

Bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları həmin tam təmirli binalar sırasındadır.  

Hazırda Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, eləcə də "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları da əsaslı şəkildə təmir olunur. Demək olar ki, bütün binalarda əsas işlərin çox hissəsi görülüb. Təmir aparılan bütün binaların bloklarında divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb. 4 və 5 saylı binaların dam örtükləri də yenilənib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ə.Şıxlinski küçəsində son tamamlanma işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.

Görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib. 

Bina sakinləri səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər.









GOYEZEN.AZ

 


Geri qayıt