Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb

BDU-nun Qazax filialında tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb


5-09-2018, 14:30


Respublika Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin balansına verilən BDU-nun Qazax filialında universitet kollektivi və tələbələr üçün yüksək səviyyədə şərait yaradılıb. Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə imzalanmış bu Sərəncam ölkəmizdə təhsil sahəsinə yüksək səviyyədə diqqət və qayğı göstərilməsini bir daha sübut etdi. Bu gün filial kollektivinin dövlət başçısının təhsilə, elmə verdiyi dəyəri yüksək qiymətləndirərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük səylə çalışmaları, filialda təhsilin səviyyəsinin artırılması, təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi, filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsi yolunda görülən məqsədyönlü işlərdən, atılan uğurlu addımlardan da bunu aydın şəkildə görmək olur.

Bu gün tam əminliklə deyə bilərik ki, filialda təhsilin keyfiyyətinin artırılması, gələcəkdə yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanması istiqamətində qarşıya qoyulan vəzifələrə çatmaq və verilən öhdəliyin yüksək səviyyədə icra edilməsi üçün bütün mümkün variantlar uğurla həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar filialda müəllim və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olub.

Bütün auditoriyalarla tanış olan rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib, filiala daxil olan tələbələrin qəbul göstəriciləri ilə maraqlanıb.

BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev filialda görülən işlər və tələbələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğının, rayon rəhbərliyinin filial kollektivinə xüsusi qayğı ilə yanaşmasının nəticəsidir ki, filiala qəbul olan tələbələrin sayı ildən-ilə artır. Respublikamızın bütün bölgələrindən filialımıza olan maraq yüksəlir.

Filialın qəbul göstəriciləri barədə məlumat verən V.Əfəndiyev bildirib ki, 2016-2017-ci tədris ilində 6 ixtisas üzrə 32 rayondan 140 nəfər tələbə qəbul olmuşdur. Ümumilikdə, 351 nəfər tələbə təhsil almışdır. Bildirib ki, filialımızda yaradılan şəraitin, yüksək səviyyədə tədris olunan təhsilin keyfiyyətinin artmasının nəticəsidir ki, 2017-2018-ci tədris ilində bu göstəricilər daha da yüksəlmişdir. Belə ki, həmin tədris ilində ixtisas sayı 6-dan 13-ə qalxmışdır. 54 regiondan 389 tələbə qəbul olmuşdur. Həmin il filialımızda 628 nəfər tələbə təhsil almışdır. Təhsil alan tələbələrdən 4 nəfər 500-dən, 7 nəfər 400-dən, 94 nəfər isə 300-dən yuxarı bal toplamışdır.

Builki qəbul göstəricilərinin daha yüksək olduğunu bildirən direktor hazırda filialda 1131 nəfər tələbənin təhsil alacağını qeyd edib. İstər ixtisas sayının, istər region sayının, istərsə də bal göstəricilərinin artdığını qeyd edən direktor bu il 62 region üzrə 562 nəfər tələbənin qəbul olduğunu bildirib. 1 nəfər tələbənin 600-dən, 4 nəfər tələbənin 500-dən, 16 nəfər tələbənin 400-dən, 172 nəfər tələbənin isə 300-dən yuxarı bal topladığını vurğulayıb.

V.Əfəndiyev qeyd edib ki, sevindirici hallardan biri də odur ki, bu il ən yüksək göstərici Qazax rayonu üzrə olub. 78 nəfər qazaxlı məzun tələbə adını qazanaraq BDU-nun Qazax filialında təhsil almaq imkanı qazanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha filial kollektivinə qarşıdan gələn yeni tədris ilində uğurlar arzulayıb. Filialın builki göstəricilərinin artmasını nəinki filialın, eləcə də bütün rayon təhsilinin uğuru kimi qiymətləndirib.

V.Əfəndiyev təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bilidirib, bundan sonra da filialın uğurlarının yüksək olması üçün kollektiv olaraq daha böyük səylə çalışacaqlarını qeyd edib.















GOYEZEN.AZ

 


Geri qayıt